...

Rəsədxana: Günəşdə partlayışdan sonra yaranmış qasırğa zəifləsə də, yenə güclü sayılır

Cəmiyyət Materials 8 Sentyabr 2017 11:12 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiymətinin enməsinə və qasırğanın getidkcə zəifləməsinə baxmayaraq, hazırda müşahidə edilən qasırğa yenə də güclü sayılır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, dünəndən etibarən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. Bu, son illərin ən güclü geomaqnit qasırğaslarıbndan biri hesab oluna bilər. Günəşdə baş verən son partlayışdan sonra yaranan güclü geomaqnit həyəcanlaşmasının yaxın günlərdə də davam edəcəyi gözlənilir. Hazırda Günəş plazma küləyinin sürəti 770 km/san-dır. Bu da çox böyük rəqəmdir.

E.Babayevin sözlərinə görə, gün ərzində və sabah G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.

E.Babayev əlavə edib ki, hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur: “Bu qruplar kifayət qədər böyükdür. Hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər (qətiyyən birbaşa baxmaq olmaz). AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş) bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir). Məhz sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez çatıb”.

Günəşdəki son partlayışlardan sonra Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə gəldikdə, E.Babayev qeyd edib ki, budəfəki qasırğa artıq texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radio donma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb (bu, adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir).

E.Babayev qeyd edib ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, Azərbaycanın yerləşdiyi orta coğrafi en dairələri üçün isə təsir nisbətən zəif olur.
Kosmik hava şəraitinin hazırda çox əlverişsiz olduğunu deyən E.Babayev qeyd edib ki, atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur. Bu isə neqativ diskomfort effektlərini artırır.

E.Babayev əlavə edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayışın güclü maqnit qasırğasına səbəb olub. Ən güclü partlayış dünən Bakı vaxtı ilə saat 16:00-da baş verib. Partlayışlar seriyası isə sentyabrın 4-dən qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti