...

"İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın ilk simulyasiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2017 10:53 (UTC +04:00)
ADA Universitetində "İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın ilk simulyasiyası keçirilib.
"İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın ilk simulyasiyası keçirilib (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv 40-dan artıq ölkədə 7 ildir ki, həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli “MOİC Club” (“İƏT Modeli Klubu”) yaradılıb.

Bu barədə Trend-ə İƏT GF Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən məlumat verilib.

Bu həftə isə yeni yaranmiş ADA İƏT Modeli klubunun ilk təlimləri və simulyasiyası həyata keçirilib.

ADA Universitetində həyata keçirilən təlim və simulyasiyanın indiyədək Azərbaycanda keçirilən “İƏT Modeli” tədbirlərindən əsas fərqi həmin tədbirlərin tam olaraq ingilis dilində həyata keçirilməsi olub.

ADA Universiteti İƏT Model Klubunun xarici tələbələrin də iştirak etdiyi ilk təliminin mövzusu “İƏT məkanında humanitar böhranlar kontekstində Rohinya” problemi olub. Mövzu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Nəcibə Mustafayeva çıxış edərək, iştirakçılara münaqişənin tarixi aspektləri, regionda formalaşan hazırki vəziyyət, münaqişəyə münasibətdə region ölkələrinin mövqeləri və maraqları barədə məlumat verib.

Növbəti gün isə iştirakçılar İƏT üzv ölkələri təmsil edən işçi qruplara bölünərək “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın simulyasiyasını həyata keçirib, mövzu üzrə müzakirələr aparıb və müvafiq qətnamələr qəbul ediblər. İştirakçıların sözlərinə görə, beynəlxalq münasibətlər və diplomatiya üzrə praktiki təcrübə qazanmaq baxımından bu layihə tələbələr üçün əvəzsiz vasitədir.

Qeyd edək ki, bu ildən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi çərçivəsində Azərbaycanın digər ali məktəblərində də daxili İƏT Modeli klublarının yaradılması nəzərdə tutulur.

Layihənin Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə bütün ali məktəbləri əhatə edəcək ümumrespublika mərhələsi isə yanvar ayından start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti