...

Gələn il Bakının nəqliyyat sistemində bir çox YENİLİKLƏR olacaq (MÜSAHİBƏ)

Cəmiyyət Materials 18 Dekabr 2017 07:44 (UTC +04:00)
Paytaxtın nəqliyyat sisteminə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi iki ilə yaxındır ki, fəaliyyət göstərir.
Gələn il Bakının nəqliyyat sistemində bir çox YENİLİKLƏR olacaq (MÜSAHİBƏ)

Bakı. Samir Əli - Trend:

Paytaxtın avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi iki ildir ki fəaliyyət göstərir. Bu müddət ərzində qurum Bakının nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün kifayət qədər işlər görüb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bu vaxta qədər gördüyü işlər və planlaşdırılan tədbirlərlə bağlı Trend-in suallarını cavablandırıb:

- Bakı Nəqliyyat Agentliyi fəaliyyət göstərdiyi iki il ərzində hansı işləri görüb?

- Bakı Nəqliyyat Agentliyinin işi yalnız nəqliyyat deyil. Yollardakı tıxac məsələləri, piyada-sərnişin təhlükəsizliyi də bizim işimizdir. Biz bu problemləri aradan qaldırmaq istəyirik. İki il ərzində avtobuslarla sərnişindaşıma sahəsində sahibkarlarla tam şəffaf platforma quruldu və hazırda işlər davam etdirilir.

İctimai nəqliyyat çox mürəkkəb məsələdir və bunu dərhal həll etmək olmur. Vaxtilə bu məsələ düzgün qurulmayıb. Vətəndaşlar öyrəniblər ki, avtobus onun qapısında saxlamalıdır. İndi bu sahə nizamlananda problemlər yaşanır. Sərnişinlərin də haqlı olduğu məqamlar var. Məsələn, sərnişinlər tələb edir ki, avtobuslar yenilənməli, müasir avtobuslar olmalıdır və bu tələblərində də haqlıdırlar. Biz bu dövr ərzində ilk olaraq marşrutlardakı avtobusları yeniləri ilə əvəz etməyə başlamışıq. Artıq bir sıra marşrutlar üzrə avtobuslar yenilənib, avtobusları yeniləməyən daşıyıcılar dəyişdirilib. Bu yaxınlarda 17 saylı marşrutdan şikayətlər var idi və biz həmin marşrutun daşıyıcısını dəyişib "BakuBus" MMC-yə verdik. Düzdür, "BakuBus" marşrutlarından da şikayətlər var, xüsusən interval, gecikmə məsələsində. Biz bunu da aradan qaldırmaq istəyirik. Vətəndaşların şikayətləri tam diqqətlə araşdırılır və dərhal tədbir görülür.

- Şikayətlərdən söz düşmüşkən, sərnişinlərin əsas şikayətləri nə ilə bağlıdır?

- Əsas şikayətlər ətraf qəsəbələrə gedən marşrut avtobuslarındandır. Bu marşrutlardakı avtobuslarda təmizlik yoxdur, sürücülər sərnişinlərlə çox kobud davranırlar. Biz bu müraciətləri dərhal araşdırıb tədbir görürük. Bu problemlər öz araşdırmalarımız zamanı da üzə çıxır və mərhələli şəkildə qarşısını alırıq. Etiraf edək ki, üç il əvvəllə müqayisədə indi böyük dəyişiklik var. İki il ərzində 800-dən artıq marşrut avtobusu təmir olunub. Əvvəllər avtobusların hamısı reklamla örtülürdü, yəni avtobusların əzilən yerlərini ört-basdır etmək üçün həmin yerlərə reklam vururdular. Bu halları qadağan etdik. Hazırda məlumat var ki, bəzi avtobuslarda hələ də belə hallar qalır. Bununla bağlı da araşdırmalar aparılır və belə hallar tam aradan qaldırılacaq.

- Avtobusların gediş haqqının kartla ödənilməsi sisteminə keçməsi prosesi nə yerdədir?

- Bununla bağlı işlər davam etdirilir. Bizim planımız belədir ki, 2018-ci ilin ortalarına qədər əlavə olaraq 700-ə yaxın avtobus da kart sisteminə keçsin. Kart sisteminə keçid o qədər də asan iş deyil. Bunun həm texnoloji, həm də inzibati məsələləri var və bu proses mərhələli olmalıdır. 700 avtobus kart sisteminə keçdikdən sonra artıq çox ciddi dəyişiklik olacaq. Sürücülər "plan" sistemi ilə işləməyəcəklər, sərnişinləri yalnız dayanacaqlarda götürəcəklər. Bizim də nəzarətimiz güclənəcək ki, avtobus marşruta nə vaxt daxil oldu, nə vaxt xətdən çıxdı və sair. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Hazırda avtobuslara GPS quraşdırırıq, lakin sürücülər söndürürlər. Çünki hələ, belə demək mümkünsə, avtobus sürücüləri formalaşmayıblar.

- Yeri gəlmişkən, sürücülərin təlimlərə cəlb edilməsi ilə bağlı vəziyyət nə yerdədir?

- Bakı Nəqliyyat Agentliyinin nəzdində təlim mərkəzi yaradılıb. Bu vaxta qədər 622 sürücü həmin mərkəzdə təlimlərə cəlb edilib. Biz onlara avtobusla davranmağı, sərnişinlərlə münasibəti öyrədirik. Düzdür, sürücülərdə səhvlər olur, amma indi bəzi sərnişinlər də sürücülərə qarşı qəribə hərəkətlər edirlər, hətta onları vururlar. O insanlar düşünmürlər ki, sürücü iş başındadır, onunla kobud davranmaq olmaz. Bütün bunlara baxmayaraq, ümumilikdə bu gün sürücülərlə sərnişinlər arasında normal münasibət, səmimiyyət yaranıb.

Ümumiyyətlə, gələn il bütün sürücüləri təlimlərə cəlb etməyi planlaşdırırıq. Sürücü konkret marşrut xətti üzrə hazırlanmalı deyil, bütün marşrutları öyrənməlidir. Bunun üçün xüsusi simulyatorlar sifariş vermişik. Bakının bütün yollarının xəritələri hazırlanacaq. Simulyatorlar, həmçinin hava şəraitini, sürücünün hərəkətini, hansı yolda əyləcdən nə qədər istifadə etdiyini izləyəcək. Yəni insan amili buna təsir göstərə bilməyəcək. İmtahanda insan amilinin əməyi ortadan qalxacaq.

- Bakıda marşrut xətlərində köhnə avtobuslar hələ də qalmaqdadır.

- Mən Nazirlər Kabinetinin iclasında da bildirdim ki, marşrutlardakı avtobusların 50 faizi dəyişdirilməlidir. Bu məsələyə cənab Prezident özü də ciddi nəzarət edir. Gələn il ölkəyə 300-350 müasir avtobus gətiriləcəyi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil. Həmin nəqliyyat vasitələrinin bəzilərinin uzunluğu 18 metr olacaq. Bəziləri deyir ki, Bakı küçələri bu avtobusların hərəkəti üçün yararlı deyil. Əslində isə Bakının küçələri buna tam hazırdır. Biz araşdırma aparmışıq və məlum olub ki, bəzi Avropa şəhərlərinin küçələri Bakı küçələrindən dardır. Lakin orada sürücü-sərnişin münasibətləri normaldır, döngələrdə maşın saxlamırlar və. Həmin avtobuslar Bakıya gətiriləndən sonra şəhərin ictimai nəqliyyatında ciddi dəyişikliklər olacaq. Biz həmin avtobusları mərhələli şəkildə xətlərə buraxacağıq. Daha sonra Bakıətrafı qəsəbələrdə texniki nasaz olan avtobusları yeniləyəcəyik. Yeni avtobuslar marşrutlara buraxılandan sonra hazırda istifadədə olan avtobuslar yollarına uyğun olaraq qəsəbə marşrutlarına veriləcək.

Bir sıra ətraf qəsəbələrdən başqa, bu gün Yeni Yasamalın yolu və orada qurulan nəqliyyat infrastrukturu çox bərbad vəziyyətdədir.

- Paytaxtda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi yaradıldı və bu, həmin istiqamətdə marşrutların pərakəndə halda saxlamasının qarşısını aldı. Ümumiyyətlə, Bakıda bu cür mərkəzlərin sayının artırılmasına ehtiyac var.

- Bəli, ilin sonuna qədər "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzini sərnişinlərin istifadəsinə verəcəyik. Bu mərkəz "Azadlıq prospekti" metro stansiyasının qarşısındakı qarışıqlığı, pərakəndəliyi aradan qaldıracaq. Bu mərkəzlərin sayəsində hərəkətə maneçilik törədən dayanacaqları ləğv edirik. Dayanacaqların ləğv edilməsi də asan məsələ deyil. Bu, infrastruktur məsələsidir. Artıq biz bir çox dayanacaqların yerlərinin dəyişdirilməsi üçün təkliflər vermişik. Döngələrdə, körpülərin altında, dairələrdə, geridönmələrdə dayanacaqlar var, cipsiz dayanacaqlar var. Biz bunların hamısını təkmilləşdirməyə çalışırıq.

Gələn il üçün Zabrat, Binəqədi, Mərdəkan, Qala, Bakıxanov və Zığ qəsəbələrində kiçik nəqliyyat mübadilə mərkəzləri yaradılacaq. Ətraf qəsəbələrdə mərkəzlər olanda nəqliyyatın mərkəzlə əlaqələndirilməsi daha yaxşı təşkil olunacaq. Bu, həm sərnişinlər üçün rahat olacaq, həm də şəhərin tıxac problemi müəyyən qədər aradan qalxacaq.

Görəcəyimiz işlərdən biri də yol infrastrukturudur. Bakı Nəqliyyat Agentliyi yol infrastrukturu ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına 10-a yaxın təklif göndərib. Həmin təkliflər əsasən yol kəsişmələri ilə bağlıdır. Bunlar Yusif Səfərov küçəsinin 28 May və Nizami küçələri ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi, Yusif Səfərov küçəsi ilə Fəzail Bayramov küçəsində geriyə dönmə yerinin təşkili, Təbriz küçəsi ilə İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində sola dönmələrin ləğv edilərək nəqliyyat şəraitinin yaxşılaşdırılması, Bakıxanov qəsəbəsində Sakit Qocayev küçəsində müvafiq yol nişanlarının, işıqforun quraşdırılaraq yol hərəkətində dəyişikliklərin edilməsi, Heydər Məscidi ətrafında – İlqar Cümşüdov və Həmzə Babaşov küçələrində müvafiq yol nişanlarının, eyni səviyyəli piyada keçidlərinin quraşdırılması, yol hərəkətində müəyyən dəyişikliklərin edilməsi, 189 və 190 nömrəli məktəblərin ətrafında yol hərəkətinin yenidən təşkili, "Yol 1" layihəsi çərçivəsində Tbilisi prospekti ilə Akademik Həsən Əliyev və Şəfaət Mehdiyev küçələrinin kəsişməsində yol hərəkətinin yenidən təşkili, Mətbuat prospekti ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində tıxac hallarının qarşısının alınması məqsədilə dəyişikliklərin edilməsi, "İdeal yolayrıcı"nın yaradılması (ilkin olaraq A.Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində), kəsişmələrdə "Sarı qutu"nun tətbiq edilməsidir.

Hazırda Bakı Nəqliyyat Agentliyi yol kənarlarında inşa olunan obyektlərin də yollardakı vəziyyətə təsiri ilə bağlı təkliflər hazırlayır. Məsələn, xarici ölkələrdə avtomobilləri restoranın qarşısında saxlamırlar, kənarda parklanma üçün nəzərdə tutulan yerlərdə saxlayıb restoran, market və digər obyektlərə daxil olurlar. Amma bizdə avtomobili əsasən restoran və digər ictimai iaşə obyektlərinin qarşısında saxlayırıq. Bunun üçün müəyyən standartlar, tələblər olmalıdır. Məsələn, 100 kvadratmetrlik iaşə obyektinə üç qapalı, iki açıq parkinq yeri olmalıdır. İaşə obyektini tikən sahibkar bunu düşünməli, qaydalara əməl etməlidir. Parkinqlər, həmçinin əsas yola çıxışı olmayan yerdə yaradılmalıdır. Məsələn, bu gün Neftçilər prospektində "Park Bulvar"a giriş-çıxış indiki vəziyyətdə düzgün olmadığı üçün həmin hissədə çox ciddi problemlər var. Yaxud "Gənclik", "28 May" metro stansiyaları istiqamətlərində, Tbilisi prospektində də vəziyyət eynidir. Burada təkcə iaşə obyektləri deyil, yaşayış komplekslərinə də giriş-çıxışlar düzgün qurulmayıb. Yol kənarlarında yaşayış binaları inşa edilir, lakin binanın həyətinə giriş-çıxışlar düzgün təşkil olunmur. Məsələn, 1000 mənzillik bir bina inşa olunur və bu binada məskunlaşanlardan ən azı 700 nəfərin avtomobili var. 700 avtomobil səhər saat 09:00-da, yəni eyni vaxtda yola çıxır ki, bu da əsas yolda problem yaradır. Tbilisi prospektində inşa olunan bütün binaların birbaşa yola təsiri var. Bunu elə təşkil etmək lazımdır ki, həmin binalardan ilk olaraq əsas yola deyil, ikinci dərəcəli yola çıxış olsun.

Yollarda parklanmalar da düzgün qurulmayıb. Bir sıra yol nişanları stamdartlara uyğun deyil, hansı əsasla harada quraşdırıldığını və niyə quraşdırıldığını anlaya bilmirik.

Hazırda bütün bunlarla bağlı qanunvericilik layihəsi hazırlayırıq və artıq yekunlaşmaq üzrədir. Gələn ilin ilk rübündə layihə aidiyyəti üzrə təqdim olunacaq.

Gələn il, həmçinin dayanacaqların vəziyyəti ilə bağlı tədbirlər görüləcək. Bəzi dayanacaqlarda monitorlar, məlumat lövhələri işləmir. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. Sərnişinlərə maraqlı deyil ki, həmin lövhələr hansı problemə görə işləmir. Bunun səbəbləri isə müxtəlifdir. Məsələn, hər hansı bir şirkət tikinti işləri görərkən yollarda qazıntı işləri aparır və bu zaman xətlərdən birini zədələyir. Bu da həmin lövhələrin işləməməsinə gətirib çıxarır. Bu prosesə də nəzarət etmək çətindir. Gələn il bu məsələ ilə də bağlı işlər görüləcək, hər hansı qazıntı işləri, yolun bağlanması, yola təsir edən tikinti işlərinin aparılması mexanizmi də hazırlanacaq.

Bu gün Bakı küçələrinin nəqliyyat axınının qarşısını almağa gücü çatır. Amma düzgün planlaşdırılma olmalıdır. Məsələn, Ziya Bünyadov prospektindən çox böyük axın gəlir. Bu axın Heydər Əliyev prospektinə və hava limanına getmək üçün "Qara Qarayev" metro stansiyasına tərəf çıxmalı, sonra "Koroğlu" stansiyasına tərəf dönməlidir. 6 zolaqlı yol birdən-birə 4-ə, 4-dən 2-yə, 2-dən də bir zolaqlıya keçir. Bu, artıq tıxac deməkdir. Biz bunun üçün təkliflər hazırlayırıq. İstəyirik ki, Ziya Bünyadov prospektindən hava limanına getmək istəyənlər Bakı Olimpiya Stadionunun ətrafından birbaşa həmin yola çıxsın. Bundan başqa, Babək prospekti ilə Heydər Əliyev prospektinə birbaşa yol birləşməsi olmalıdır.

Hazırda köhnə "Ramstor" dairəsi deyilən ərazi, eləcə də 3-cü mikrorayon dairəsində hərəkəti tənzimləmək üçün ciddi araşdırmalar aparılır. Bu ərazilərdə nəqliyyatın hərəkətini tənzimləmək üçün də təkliflərimiz hazırdır.

- Vüsal müəllim, sərnişindaşıma sahəsində daşıyıcıların sayı sizi qane edirmi?

- Bakıda sərnişindaşımada 47 daşıyıcı var. Bu, həqiqətən çoxdur. 10 avtobusu olan da bir daşıyıcı sayılır, 3 avtobusu olan da. Bu gün əksər daşıyıcıların qarajı yoxdur. Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra 7 daşıyıcının qarajı istismara verilib. Bu yaxınlarda da bir neçə qaraj yaradılacaq. Daşıyıcıların bir neçəsi birləşdirilməsi və bir qarajın yaradılması ilə bağlı da təkliflər vermişik.

- Sərnişindaşımanın sahibkarlıqdan asılılığının azaldılması mümkündürmü? Çünki sərnişindaşımada vəziyyətin yaxşılaşdırılmasında bəzi sahibkarlar maraqlı deyil.

- Bəli, bu vacibdir. İctimai nəqliyyat formalaşana qədər tam dövlət nəzarəti altında olmalıdır. Buna görə də indi sahibkarların sayını azaltmağa çalışırıq. Məsələn, dünyada ictimai nəqliyyat sisteminin yüksək səviyyədə olduğu ölkələrdən biri İngiltərədir. Burada marşrutlar əvvəl sahibkarlarda olub, lakin sonradan dövlət marşrutları nəzarətə götürdü, ictimai nəqliyyat sistemini yüksək səviyyəyə çatdırdı, daha sonra özəlləşdirməyə çıxardı. Azərbaycanda da bu cür ola bilər.

Bəzən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı məlumatlar yayılır. Qeyd edim ki, bu gün gediş haqqının artırılmasından söhbət gedə bilməz. Birincisi ona görə ki, qiymət artımı üçün ilk növbədə xidmət səviyyəsi yüksəldilməlidir. Xidməti yüksəldə bilməyən daşıyıcı qiymət artımından danışa bilməz. İkincisi də, qiymət məsələsi Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Bizim işimiz xidmətin səviyyəsini yüksəltməkdir.

Biz hazırda həm də daşıyıcıları birləşdirmək istəyirik. Amma bayaq da qeyd etdiyim kimi, nəzarəti birmənalı şəkildə dövlət həyata keçirməlidir, bütün xətlər dövlət nəzarətində olmalıdır. Sahibkar bilməlidir ki, marşrut onun mülkiyyəti deyil, dövlətindir, daşıyıcı sadəcə bu prosesdə icraçıdır. Bir sözlə, marşrut sistemi yüksək səviyyədə qurulması üçün dövlət nəzarətində olmalıdır. Məhz o səviyyəyə çatandan sonra özəlləşdirilməyə çıxarıla bilər.

- Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində də pərakəndəlik var. Bununla bağlı hansısa işlər görməyi planlaşdırırsınızmı?

- Qanunvericilikdə müəyyən boşluqlar, bəzi problemlər bu sahəyə tam nəzarət etməyə imkan vermir. Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu gün taksi minik avtomobilləri ilə sərnişindaşımada gediş haqqı çox ucuzlaşıb. Hazırda mərhələli şəkildə tədbirlər görülür. Taksi xidmətləri göstərən bəzi şəxslər var ki, onların nəinki qarajları, heç avtomobilləri də yoxdur. Həmin şəxslər sadəcə avtomobil sahibləri ilə müştəriləri əlaqələndirərək əldə olunan vəsaitdən müəyyən faiz götürürlər. Müvafiq qurumlara qarajı olmayan taksi xidmətlərinin ləğv edilməsi barədə müraciət etmişik.

Həmçinin Bakıda istehsal ili 10 ildən artıq olan avtomobillərin taksi kimi fəaliyyət göstərməməsini təklif etmişik. Lakin hazırda bu məsələyə nəzarət mexanizmi bizim səlahiyyətimizdə deyil. Bununla belə, bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti təşkil edəcəyik. Bununla bağlı işlər ilin sonuna qədər yekunlaşmalıdır. Artıq gələn ilin əvvəlindən həmin taksi xidməti fəaliyyətə başlayacaq. Bu, çox vacib bir yerdir. Şəhərimizə gələn qonaqlar pərakəndə taksi xidməti ilə qarşılaşmayacaqlar.

- 2018-ci ilin əvvəlinə qədər Bakıda bütün avtobuslar gediş haqqının kartla ödənilməsi sisteminə keçməli idi. Bu müddət dəyişməyib ki?

- Bu məsələ bir az yubanır. Səbəb isə sahibkarların kart avadanlıqlarının alınmasında çətinlik çəkməsidir. Bəzilərinin bu avadanlıqları almasına imkanları çatmır, bəzilərində müəyyən problem yaradır, bir sıra daşıyıcılar avtobusları icarə əsasında işlədir və s. Buna görə də biz fiziki şəxslərlə deyil, yalnız hüquqi şəxslərlə işləmək istəyirik. Hüquqi şəxs formalaşandan, bir neçə şirkət birləşdiriləndən sonra həmin problem də aradan qaldırılacaq.

- Vahid sürücü bazasının yaradılması məsələsi nə yerdədir?

- Vahid sürücü bazasının yaradılması ilə bağlı işlər gedir. Artıq 3001 nəfər sürücü haqqında məlumatlar həmin bazada yerləşdirilib. Daşıyıcılara göndərilən sorğular nəticəsində bütün sürücülərin məlumatları bu bazada yerləşdiriləcək. Həmin sürücülərin hamısı təlimlərə cəlb ediləcək. Etik qaydaları pozub işdən çıxarılan hər hansı sürücü bazada "qara siyahı"ya salınacaq. Bundan sonra həmin sürücü başqa marşrutda işə qəbul edilməyəcək. Elektron baza formalaşandan sonra daşıyıcı istədiyi sürücünü işə qəbul edə bilməyəcək. Əgər daşıyıcıya sürücü lazım olsa, məhz həmin bazada olan sürücünü işə götürəcək. Yəqin ki, gələn il bu məsələ yekunlaşacaq və baza təkmilləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti