...

IDEA “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində ağacəkmə aksiyalarına başlayıb (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2018 16:00 (UTC +04:00)
Paytaxt ərazisində “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlanıb.
IDEA “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində ağacəkmə aksiyalarına başlayıb (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Nizami rayon icra hakimiyyətinin dəstəyi ilə paytaxt ərazisində “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlanıb.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, aksiyalar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş və ya artıq kəsilmiş ağacların əvəzinə Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun şam, sərv, göyrüş, safora, zeytun, akasiya və s. ağacların əkilməsi planlaşdırılır.

Məlum olduğu kimi, qovaq ağaclarının bir çox fəsadları vardır. Təəssüf ki, paytaxtımızda sıx rast gəlinən piramidal qovaq hazırda ən çox təhlükə törədən ağac kimi tanınır. Çünki bu ağacın oduncağı yumşaq olduğu üçün tez zədələnir və zədə yerinə su düşdükdə ağac az müddətdən sonra həmin yerdən çürüyür. Digər tərəfdən, bu ağacların kök sistemi də çox tez çürüyərək küləkli havalarda hündür gövdəsini saxlaya bilmir və aşaraq müəyyən itkilərə səbəb olur.

Hətta, paytaxtımızda qovaq ağacı ölümlə nəticələnən qəzalara da səbəb olub. Belə ki, 2013-cü ildə qovaq ağacı aşaraq ana və uşağın üstünə düşmüş, nəticədə hər ikisi həyatını itirmişdi. Eyni tipli hadisə 2011-ci ildə də baş vermiş və Əzizov Elçin adlı Bakı sakini vəfat etmişdi. Əslində hər iki halda da qovaq ağacları xarici görünüş etibarı ilə sağlam olmuşdu, sadəcə güclü külək nəticəsində zəif kök sistemi iri gövdəni saxlaya bilməmiş və bədbəxt hadisələr baş vermişdi. Qovaq ağacları, çox hallarda avtomobillərin, evlərin, eyvanların, elektrik naqilləri və qaz xəttlərinin üzərinə düşərək qəzalara səbəb olur və insanların əmlaklarına ziyan yetirə bilir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, “Yaşıllıqları bərpa edək” layihəsinin icrasına ilk olaraq Nizami rayonundan başlanıb. Aprelin 4-də 100 nəfərə yaxın IDEA könüllülərinin iştirakı ilə Nizami rayonu Əli Vəliyev küçəsində ilk ağacəkmə aksiyası baş tutub və 700 ədəd eldar şamı əkilib.

Qeyd edək ki, Nizami rayonunun Elşən Süleymanov, Q.Qarayev, Naxçivani, Əliağa Kürçaylı, Rüstəm Rüstəmov, Şərifli, Nəsimi, B.Nuriyev, İ.İsmayılov, K.Balakişiyev və Ş.Mirzəyev küçələrində, o cümlədən Babək prospekti ərazisində Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş qovaq, tut və qarağac ağaclarının əvəzinə aprel ayı ərzində, ümumilikdə, 1500-ə yaxın eldar şamının əkilməsi nəzərdə tutulub.

Nizami rayonunun ardından Bakı şəhərinin digər rayonlarında da eynitipli aksiyalar təşkil olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti