Bakı. Trend:
Azərbaycan hüquq ictimaiyyətinə ağır itki üz verib.
Trend-in məlumatına görə, bu barədə Vəkillər Kolegiyasının hazırladığı nekroloqda deyilir:
"Görkəmli vəkil, Azərbaycanın “Əməkdar hüquqşünas”ı, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Vəkillər Kollegiyasının sabiq sədri Tağıyev Azər Cabir oğlu uzun sürən xəstəlikdən sonra, 2018-ci il aprelin 30-da, ömrünün 71-ci ilində vəfat edib.
Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olub. 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb.
1974-cü ildə Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlayan Azər Tağıyev öz ömrünü bütünlüklə Azərbaycan vəkilliyinə həsr edib.
Onun fəaliyyəti daim yüksək qiymətləndirilib, keçən əsrin 80-ci illərinin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 80-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.
2004-cü ilin 3-4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, yeni Vəkillər Kollegiyası yaradılmış və 2017-ci ilin sonuna qədər səriştəli təşkilatçı kimi Kollegiyaya rəhbərlik edib.
Eyni zamanda, Azər Tağıyevin hüquqşünas kimi peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və ictimai nüfuzu nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə o, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak edib.
Azər Tağıyevin məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 24 aprel 2008-ci il tarixli sərəncamı ilə Azər Tağıyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib. O, Vəkillər Kollegiyasının “Fəxri Fərmanı”, “Fəxri Diplomu” ilə təltif edilib, ona Vəkillər Kollegiyasının “Fəxri Hüquq Doktoru” və “Fəxri Vəkil”i adları verilib, Azər Tağıyevin adı “Vəkillərin Şərəf Kitabı”na daxil edilib.
Görkəmli hüquqşünas, peşəkar vəkil, bacarıqlı təşkilatçı və səmimi insan Azər Cabir oğlu Tağıyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq".