...

Bakı Slavyan Universitetində ümummilli liderə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 3 May 2018 15:50
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
Bakı Slavyan Universitetində ümummilli liderə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.

Universitetdən Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək onların abidələri önünə əklil və gül dəstələri qoyublar.

BSU-nun akt zalında baş tutan açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva iştirakçıları salamlayaraq konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə iştirakçılara qısa məlumat verib:

“Bu konfrans bizim elmi potensialımızı, intellektual gücümüzü bir araya gətirən mühüm hadisəsdir. Azərbaycan müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyən edib. Ümummilli lider öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni müstəviyə-siyasət müstəvisinə keçirdi. Dahi şəxsiyyət azərbaycançılıq idealogiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli-mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu”.

N.Əliyeva 1990-cı ilin əvvəllərində Azərbaycanın vətəndaş müharibəsinə sürükləndiyi bir vaxtda ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyini və ölkəni fəlakətdən xilas etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Rektor daha sonra deyib: “Bakı Slavyan Universitetinin yaradılması da ulu öndərin ideyası idi. Heydər Əliyev bu universiteti dünyaya, ilk növbədə slavyan dünyasına açılan bir qapı kimi görürdü. Bu gün Universitetin qazandığı uğurlar ümummilli liderin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha təsdiq edir. Xarici ölkələrdən gələn qonaqlarımızın bu gün Azərbaycanın dostu olaraq dəfələrlə bu konfransda iştirak etmələri onu göstərir ki, onları Azərbaycana bağlayan xətt əbədidir”.

N.Əliyeva dahi şəxsiyyətin qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. BSU-nun rektoru Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli liderin dövlətçilik ənənələrini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail olduğunu qeyd edib.

Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş olunub.

Filmin ardından təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ulu öndərin Azərbaycan tarixindəki rolundan danışıb. O, Heydər Əliyevin azərbaycançılıq ideyası ilə Azərbaycanın bütün millətlərin ümumi vətəni olduğunu bəyan etdiyini diqqətə çatdırıb. Nazir müavini ümummilli liderin irəli sürdüyü ideologiyanın Azərbaycanı bu gün regionun ən qüdrətli dövlətinə çevirdiyini bildirib.

Sonra söz alan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanla Türkiyə arasındakı münasibətlərin inkişafında ulu öndərin əvəzedilməz xidmətindən danışıb. O, Heydər Əliyevin dünyanın ən nəhəng siyasətçilərindən olduğunu qeyd edib.

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Mirzəzadə, Çexiyada Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznik, Bakı Dövlət Universitetinin professoru, Bakı Slavyan Universitetinin İctimai Etimad Şurasının koordinatoru Şahlar Əsgərov çıxış edərək beynəlxalq elmi konfransı təhsilimizin, elmimizin inkişafında, azərbaycançılığın və multikulturalizmin təbliğində mühüm addım kimi dəyərləndirib, konfransın işinə uğurlar arzulayıblar.

Konfransda Çexiya, Polşa, Ukrayna, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, beynəlxalq konfransa 310 alim qatılıb. Bu alimlərin 14-ü xarici qonaqlar sırasındadır. Ukraynanın Çerniqov Milli Texnologiya Universitetinin prorektoru Vasiliy Karabanov, Çexiya Karl Universitetinin professoru xanım İvana Bozdexova, Türkiyənin Reytinq Akademiyasının general başqanı, professor Mehmet Şahin, Qazaxıstanın Lev Nikolayeviç Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Satay Sızdikov, Polşa Təhsil Nazirliyinin nümayəndəsi, professor Pavel Frerenç və digərləri iştirak ediblər.

Konfrans öz işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Telekörpünü BDPU tərəfdən rektor Aleksandr Juk, BSU tərəfdən isə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov aparıblar.

Beynəlxalq konfransın gedişində Çexiyanın Mendel universiteti ilə BSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Türkiyənin Pamuqqala Universitetinin nümayəndəsi Mehmet Şahin tərəfindən “Nargin faciəsi və Nuri paşa” mövzusunda tədbir keçirilib.

Qeyd edək ki, mayın 4-də beynəlxalq konfransın bağlanış mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti