...

Macarıstan səfiri Bilik Fondunda olub (FOTO)

Cəmiyyət Materials 8 May 2018 18:32 (UTC +04:00)
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.
Macarıstan səfiri Bilik Fondunda olub (FOTO)

Bakı. Trend:

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Trend-in məlumatına görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.

O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir.

İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb və qeyd edib ki, fəaliyyəti müddətində 20-dən çox ölkənin səfirləri Fondun qonağı olub, əməkdaşlıq məsələlərini müzakirə ediblər; artıq bir sıra səfirliklərkə birgə maarifləndirici tədbirlər keçirilir.

Azərbaycan-Macarıstan əlaqələrinin bütün sahələr üzrə inkişaf etdiyini bildirən O.Səmədov mədəni və elmi müstəvidə əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub. O, bir vaxtlar Azərbaycanın Şuşa və Ağdam şəhərlərinin Macarıstanın Gyöngyöş və Tisavaşvari şəhərlərinin qardaşlaşdığını xatırladaraq, Fondun bu əlaqələrin daha da intensivləşməsinə töhfə verməyə hazır olduğunu deyib.

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi səmimi görüşə, qonaqpərvər münasibətə görə minnətdarlığını bildirərək, Macar dövləti ilə Azərbaycanın dostluğunu əks etdirən iqtisadi, siyasi, mədəni, elmi müstəvidə yaşanan hadisələri xatırladıb.

Bilik Fondu ilə, xüsusən elmi sahədə praktiki əlaqələr qurmağa hazır olduqlarını deyən səfir elm sahəsində əməkdaşlığın, alim və tədqiqatçı mübadiləsinin, hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasının, mədəniyyət yönümlü birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Sonda qonaqlara Fondun xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti