...

Türkiyəli qalib: "Bu vaxtadək qoşulduğum marafonlarda ilk qələbəmi Bakıda qazandım"

Cəmiyyət Materials 13 May 2018 12:41 (UTC +04:00)
"Bu vaxtadək qoşulduğum marafonlarda ilk qələbəmi Bakıda qazandım".
Türkiyəli qalib: "Bu vaxtadək qoşulduğum marafonlarda ilk qələbəmi Bakıda qazandım"

Bakı. Vüqar İmanov - Trend:

"Bu vaxtadək qoşulduğum marafonlarda ilk qələbəmi Bakıda qazandım".

Bunu Trend-ə "Bakı Marafonu 2018"-də qadınlar kateqoriyasında qalib gələn türkiyəli Çelik Fadime deyib.

O, ilk dəfə paytaxtımıza gəldiyini və "Bakı Marafonu"na qoşulduğunu bildirib: "Külək əsdiyi üçün mübarizə aparmaq bir qədər çətin oldu. Həm də 15 gün öncə Düsseldorf marafonunda iştirak edib 5-ci olmuşdum. Yorğun olmağıma baxmayaraq, "Bakı Marafonu"nda qalib gəldim".

Ç.Fadime qələbə qazanmasında marşrut boyunca insanların dəstəyinin də mühüm rol oynadığını deyib: "Təşkilatçılıq da çox gözəldir. Ümumilikdə bu vaxtadək qoşulduğum marafonlarda ilk qələbəmi məhz "Bakı Marafonu"nda qazandım. "Bakı Marafonu" haqqında eşidən kimi bura gəlməyə qərar verdim. Bakını görmək də çoxdankı arzum idi. Çox gözəl şəhəriniz var. Bir neçə gün Bakıda qalıb şəhəri gəzəcəyəm".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunub.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunur.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti