...

Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

Cəmiyyət Materials 24 May 2018 10:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır.

Mlli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Trend-ə bildirilib ki, ilin hansı ayında anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar həmin ildə I sinfə qəbul olunacaqlar. Bununla bağlı “Təhsil haqqında” qanuna yeni əlavələr edilir.

İ.Həbibbəyli qeyd edib ki, 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən bürokratik əngəllər olurdu:

“Bəzən deyirdilər ki, uşağın I sinfə qəbulu üçün 5-6 ay çatmır, gərək uşağın 6 yaşı tamam olsun. Bu da narazılığa yol açırdı”.

İ.Həbibbəyli bildirib ki, əvvəllər ölkədə məktəbəhazırlıq qruplarının sayı kifayət qədər olmadığından 6 yaşı tamam olmamış uşaqların I sinfə vaxtından əvvəl qəbulu üçün valideynlər xüsusi qaydada müraciət edirdilər. Bu müraciət əsasında uşaqlar xüsusi komissiyaların razılığı əsasında I sinfə cəlb edilirdilər.

Komitə sədri qeyd edib ki, qanuna edilən yeni dəyişiklik 5 yaşlıların hamısının məktəbəhazırlıq qruplarına cəlbinə imkan yaratmaqla yanaşı, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların I sinfə qəbuluna imkan yaradacaq:

“Belə olan halda, vaxtından əvvəl I sinfə qəbul üçün 6 yaşı tamam olmayan uşaqların istedadlarının xüsusi komissiyalar tərəfindən yoxlanılmasına lüzum qalmayacaq. Çünki bütün hallarda 5-6 yaşlıların hamısı maneəsiz təhsilə cəlb oluna biliəcəklər”.

Azərbaycanda 5 yaşlıların məktəbəhazırlıq təhsilinə cəlbi imkanlarının artdığını və ölkədəki orta məktəblərdə də artıq məktəbəhazırlıq qruplarının yaradıldığını nəzərə çatdıran İ.Həbibbəyli əlavə edib ki, ötən ildən ölkə üzrə üzrə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplarına cəlb edilrlər:

“Bu, “Məktəbəqədər təhsil haqqında” qanunda da təsbit edilib. Bu qanuna əsasən, istedadlı olub-olmamasından asılı olmayaraq, ölkədəki bütün 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunurlar. Bu təcrübə dünyanın qabaqcıl ölkələrində də var. Azərbaycanda məktəbəhazırlıq yaşında olan uşaqların demək olar ki, 90 faizi məktəbəqədər təhsilə cəlb olunub. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri olduğundan xüsusi istedadlı uşaqların ayrı-ayrılıqda, fərdi qaydada məktəbə cəlb edilməsinə xüsusi ehtiyac qalmır”.

Qeyd edək ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin I sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş, həmin ilin sentyabr ayının 15-nə kimi 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. 6 yaşı 16 sentyabr-31 dekabr müddətində tamam olan uşaqların I sinfə qəbulu isə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Bu qaydalara əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) I sinfə qəbulu qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.

Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunurlar.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya tərəfindən uşağın tədris alacağı dildə aparılır. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti