Bakı. Samir Əli - Trend:
Ağdam rayonunda taxıl biçininə başlanıb.
Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, hazırda rayon ərazisində arpa biçilir: "Mayın 29-dan arpa biçininə start vermişik. Ümumilikdə rayon ərazisində 2500 hektar arpa sahəsi əkilib. Bundan başqa, 5000 hektar da buğda sahəmiz var".
R.Məmmədov vurğulayıb ki, rayonda cəmi 8 kombayn olduğundan, bu biçin sahəsinə bəs etməyəcək: "Ona görə də digər rayonlardan kombaynlar cəlb edəcəyik. Dağ rayonlarında biçin bizdən gec başlayır. Həmin rayonlarda biçin başlanana qədər kombaynlar bizə kömək edə bilər".