...

Məktəblərin 150 metrinədək olan məsafədə uşaqlar üçün qadağan edilən informasiya məhsullarının yayılmasına icazə verilməyəcək

Cəmiyyət Materials 3 İyul 2018 08:01 (UTC +04:00)
Məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.
Məktəblərin 150 metrinədək olan məsafədə uşaqlar üçün qadağan edilən informasiya məhsullarının yayılmasına icazə verilməyəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssilərində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrdən 150 metrdən az məsafədə yayılmasına yol verilməyəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə qoyulan digər əlavə tələblər də müəyyən edilib.

Bu tələbə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilməyəcək. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol veriləcək.

Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti