...

Azərbaycanda istidən dünyasını dəyişmə diaqnozu qoyulurmu?

Cəmiyyət Materials 11 İyul 2018 07:45 (UTC +04:00)
Adətən yay fəslinin ən qızmar günləri müşahidə olunan zaman xarici KİV-lərdə çox tez-tez kimlərinsə istidən dünyasını dəyişməsi barədə məlumatlar yer alır.
Azərbaycanda istidən dünyasını dəyişmə diaqnozu qoyulurmu?

Bakı. İlhamə İsabalayeva – Trend:

Adətən yay fəslinin ən qızmar günləri müşahidə olunan zaman xarici KİV-lərdə çox tez-tez kimlərinsə istidən dünyasını dəyişməsi barədə məlumatlar yer alır. Belə məlumatlar son günlər ərzində yenidən bəzi ölkələrin mətbu orqanları və saytlarının gündəminə çevrilib.

Yayılan rəsmi məlumatlara əsasən, yalnız iyulun 2-dən 8-dək olan bir həftə ərzində Yaponiyada havaların həddindən artıq isti keçməsi səbəbindən 3 nəfər ölüb, daha 2 722 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, Kanadanın Kvebek əyalətində isə kəskin isti hava şəraiti ilə əlaqədar 70 nəfər dünyasını dəyişib.

Yeri gəlmişkən bildirək ki, iyulun əvvəlində Azərbaycanda da anomal, qızmar hava şəraiti müşahidə edilib. İyulun 1-də Bakıda və Abşeron yarımadasında hətta bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstərici (43-44 dərəcə) qeydə alınıb. Sinoptiklər əksər əhali üçün əlverişsiz olan anomal isti hava şəraitinin iyulun 11-12-də yenidən müşahidə ediləcəyini, belə anomal istilərin yay fəslinin bundan sonrakı dövrü ərzində də təkrarlanacağını açıqlayıb.

Səhiyyə Nazirliyi isə ölkədə hələ heç kimin istidən dünyasını dəyişmədiyini açıqlayıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Trend-ə bildirib ki, son dövrlərdə birliyin şöbələrinə istilik və ya günvurmadan dünyasını dəyişənlərin meyiti daxil olmayıb.

İstilikvurma və günvurmanın bir-birindən fərqləndiyini deyən Ə.Həsənov qeyd edib ki, günvurma açıq havada Günəş şüalarının təsirindən baş verir. İstilikvurma isə Günəş şüalarının insana təsir etməsindən deyil, onun yerləşdiyi mühitdə temperaturun həddindən artıq yüksəlməsi səbəbindən yaranır: "Bunların hər ikisinə orqanizmin ümumi qızması, yüksək temperaturun orqanizmə ümumi təsiri deyilir. Lakin biri günvurma, biri isə istilikvurma sayılır".

Ə.Həsənov qeyd edib ki, günvurma və ya istilikvurma diaqnozunu sağ insana qoymaq daha asandır. Huşu özündə olan insan verdiyi məlumatlarla (gün altında qaldığını, qusma, baş gicəllənmə, huşunu itirmə kimi əlamətləri özündə hiss etdiyini) da bu diaqnozun qoyulnmasına yardım etmiş olur.

Birlik direktorunun sözlərinə görə, onlar tərəfindən bu diaqnozlar artıq dünyasını dəyişmiş insana, yəni meyitə qoyulmur: "Biz meyitə birbaşa istilikvurma və günvurmadan ölüm daqnozunu qoya bilmirik. Bu diaqnoz insanlara sağ ikən klinikalarda terapevtlər, reanimatoloqlar və s. tərəfindən qoyulur. Klinikalarda diaqnoz qoyularkən müəyyən klinik, laborator əlamətlər nəzərə alınır. Amma günvurma və ya istilikvurmaya görə klinikaya yerləşdirilən insan rəhmətə gedirsə, biz "Bəli, onun həmin diaqnozlardan öldüyü istisna edilmir. Ola bilər ki, bu adam həqiqətən də başqa xəstəlikdən deyil, günvurma və ya istilikvurmadan ölüb" deyə bilərik. Məsələn, meyitə kənardan, ya daxildən adi gözlə və ya mikroskopla baxasan, yaxud hansısa laborator müayinə aparasan və "mən bu əlaməti tapdım, buna görə də bu ölümə səbəb günvurma, yaxud istilikvurmadır" deyəsən kimi məsələ yoxdur. Yəni günvurma və ya istilikvurmadan ölən şəxsin meyitində spesifik əlamətlər müşahidə edilmir. Ona görə də bu diaqnoz kompleks şəkildə qoyulmalıdır".

İstilikvurma və günvurma ilə bağlı fərdi xüsusiyyətlərin və insan orqanizminin iqlimə adaptasiyasının da rol oynadığını deyən Ə.Həsənov bildirib ki, isti ölkələrdə yaşayan insanların orqanizmləri yüksək temperatura öyrəşib. Bu məsələdə fərdi xüsusiyyətlərin də rol oynadığını nəzərə çatdıran direktor qeyd edib ki, istilikvurma və günvurma zamanı əsas dəyişikliklər orqanizmin qan-damar sistemində yaranır: "Damarlarda qan damarında pozulmalar baş verir, damar keçiriciliyi pozulur, ödemlər, xırda qansızmalar meydana gəlir, qan dövranı dayanır və s. Buna görə də həyati vacib orqanlar bir-bir fəaliyyətini dayandırır və ölüm baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti