...

Vəkillər Kollegiyası Gəncədə region vəkilləri üçün seminar keçirib

Cəmiyyət Materials 11 Sentyabr 2018 19:52 (UTC +04:00)
Bu gün respublikanın qərb regionunda fəaliyyət göstərən Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar”başlığı altında elmi-praktik seminar keçirilib.
Vəkillər Kollegiyası Gəncədə region vəkilləri üçün seminar keçirib

Bakı. Samir Əli - Trend:

Bu gün respublikanın qərb regionunda fəaliyyət göstərən Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilib.

Kollegiyadan Trend-ə verilən məlumata görə, 60 nəfər vəkilin, habelə məhkəmə hakimiyyəti nümayəndələrinin də qatıldığı iki günlük tədbir Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasında təşkil olunub.

Tədbirdə Gəncə, Qazax, Tovuz, Tərtər, Goranboy, Bərdə, Samux, Şəmkir, Mingəçevir, Ağstafa və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilk əvvəl "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamın tarixi əhəmiyyəti, vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə öz fikirlərini bölüşüb. Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyəti, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydası, o cümlədən GİZ-in Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulayıb, son dönəmlər vəkillik etikası kimi mövzularının vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq-mühafizə orqanları ilə təması baxımından üçün aktuallığı barədə danışıb.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov bu kimi tədbirlərin region vəkilləri üçün əhəmiyyətli olduğunu deyib.

Seminarda məruzəçi qismində iştirak edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, doktor Rudolf Lauda Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçınılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıb.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşü də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti