...

Çində keçirilən beynəlxalq konfransda Azərbaycanın iqtisadi uğurlarından danışılıb (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2018 12:00 (UTC +04:00)
Çin Xalq Respublikasının Şenyan şəhərində Dünya Qış Şəhərləri Merləri Assosiasiyasının 18-ci konfransı keçirilib.
Çində keçirilən beynəlxalq konfransda Azərbaycanın iqtisadi uğurlarından danışılıb (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasının Şenyan şəhərində Dünya Qış Şəhərləri Merləri Assosiasiyasının 18-ci konfransı keçirilib.

“Şimal şəhərlərinin həyatını daha da yaxşılaşdırma” mövzusunda keçirilən konfransda quruma üzv ölkələrlə yanaşı, “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyətli olan bir neçə ölkə, o cümlədən Azərbaycan xüsusi dəvət olunmuş qonaq qismində iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Liaonin vilayətinin qubernatoru Tan İcun iki ildən bir keçirilən konfransın məqsədinin üzv və tərəfdaş şəhərlər arasında iqtisadi, humanitar əlaqələrin yaxşılaşmasına, vahid platforma çərçivəsində yeni hədəflərin təşviqinə, ümumi problemlərin birgə həll yollarının tapılmasına töhfə vermək olduğunu deyib. O, ölkəsinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi dövlətlərlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair hər cür təşəbbüsü dəstəklədiyini bəyan edib.

Bakının Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın sivilizasiyanın ən qədim mərkəzlərindən biri olduğunu, xalqımızın dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin irs yaratdığını deyib. Bildirib ki, Azərbaycan nəhəng regional neft və qaz, enerji layihələrini uğurla həyata keçirməklə, təkcə ölkənin deyil, regionun inkişafına da öz töhfələrini verir.

Ölkəmizin biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılmış əlverişli şərait və güzəştlər sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan əhəmiyyətli addımlar barədə danışan S.Mikayılov deyib ki, Şərq və Qərb, Şimal və Cənub arasında nəqliyyat dəhlizinin inkişafında böyük rol oynayan Azərbaycan özünün iqtisadi potensialı ilə beynəlxalq iqtisadi-ticari əməkdaşlığın genişlənməsində fəal rol oynayır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə nəqliyyat infrastrukturunun yaradılması üzrə işlər daha intensiv xarakter alıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xəttinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq mövqelərini də möhkəmləndirib. Bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Ələt Azad İqtisadi Zonası regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin daxil olduğu böyük bazarlara xidmət göstərəcək.

Müxtəlif mövzularda müzakirələrin aparıldığı konfrans “Şenyan Bəyannaməsi”nin qəbulu ilə başa çatıb.

Konfrans iştirakçılarının Liaonin vilayətinin qubernatoru Tan İcun və Şenyan şəhərinin meri Cian Youvey ilə görüşlərində əməkdaşlıq məsələləri müzakirə olunub.

Şenyan şəhərindəki “Almaz” sarayında konfransda iştirak edən ölkələrin incəsənət ustalarının ifasında konsert proqramı təşkil olunub. Azərbaycanın muğam üçlüyünün ifasında səslənən “Qarabağ” şikəstəsi tamaşaçıların alqışları ilə qarşılanıb.

Konfransın keçirildiyi binalarda Azərbaycan şirniyyatlarının təklif olunduğu çay süfrələri təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti