...

Bilik Fondu loqopediya üzrə təlimlərə başlayıb

Cəmiyyət Materials 21 Noyabr 2018 11:22 (UTC +04:00)
Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Məktəbəqədər təhsildə korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan tələbələr üçün loqopediya üzrə təlimlərə başlanılıb.
Bilik Fondu loqopediya üzrə təlimlərə başlayıb

Bakı. Trend:

Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Məktəbəqədər təhsildə korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan tələbələr üçün loqopediya üzrə təlimlərə başlanılıb.

Trend-in məlumatına görə, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova tələbələrə təmsil etdiyi qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bildirib ki, nitq mədəniyyəti ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindəndir. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına təkan verərək, ünsiyyət mədəniyyətinin formalaşması və təkmilləşməsinə şərait yaradır. Bu baxımdan loqopediya üzrə təlimlərin keçirilməsi sözügedən sahədə təhsil alan gənclərin praktik vərdişlərini daha da genişləndirə və möhkəmləndirə bilər.

Təlimçi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşı, defektoloq-loqoped Ülviyyə Qurbanova loqopediyanın defektologiyanın mühüm bir sahəsi olduğunu vurğulayaraq, eyni zamanda, ümumpedaqoji vəzifələrin həyata keçirilməsinə kömək etidiyini bildirib. Nitqin uşağın bütün psixi həyatında mühüm rol oynadığını deyən Ü.Qurbanova təlimlərin gələcəyin ixtisaslı kadrlarına nəzəri biliklərlə yanaşı, bu sahədə müəyyən təcrübə qazanmağa yardım edəcəyini söyləyib.

Təlim müddətində “Səs tələffüzünün korreksiyası”, “Nitq inkişafının ləngiməsinin korreksiyası”, “Nitq inkişafının geriliyinin korreksiyası”, “Miofunksional gimnastika. Loqopedik massaj” mövzularında seminarların keçirilməsi nəzərdə tutulur.

Təlimlərin yekunu olaraq, fəal iştirakçılara Bilik Fondunun müvafiq sertifikatlarının təqdim edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti