Bakı. Trend:
Azərbaycan Universitetində dünya şöhrətli siyası xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla olub.
Tədbirdən əvvəl universitet rəhbərliyi Fəxri xiyabanda ümummilli liderin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.
Anım mərasimində qeyd olunub ki, hər bir xalqın tarixində onun taleyini və yolunu müəyyənləşdirən, kritik dövrlərdə və taleyüklü məsələlərin həllində xalqı öz arxasınca apararaq, xoşbəxtlik və səadətə qovuşduran dahi şəxsiyyətlər var. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev xalqımızın tarixinə adı qızıl hərflərlə yazılmış belə dahi şəxsiyyətlərdəndir. Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsi onun adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı qoyulub.
Azərbaycan dövlətinin inkişaf strategiyasının əsaslarını ümummilli liderin ideyaları təşkil edir. Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, beynəlxalq aləmdə öz yerini və mövqeyini möhkəmləndirir. Bu səbəbdən xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı tərəfindən yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə yad edilir.
Sonda tədbir iştirakçıları ümummilli liderə həsr olunan sənədli film izləyiblər.