...

İlahiyyat İnstitutu Şamaxıda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2019 10:15 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib.
İlahiyyat İnstitutu Şamaxıda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, fevralın 2-nə qədər davam edəcək “Qış məktəbi”nin təşkilinin əsas məqsədi tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.

İnstitutun kollektivi şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

“Qış məktəbi” layihəsinin ilk günündə tələbələr üçün idarəçi, biznes məsləhətçisi Fəxri Ağayevin “Şəxsi inkişafda mütaliənin rolu”, “Şəxsi inkişaf və karyera” mövzularında təlimləri təşkil olunub.

F.Ağayev “Şəxsi inkişafda mütaliənin rolu” mövzusunda danışaraq, insanın şəxsiyyət kimi formalaşmasında mütaliənin xüsusi rolundan bəhs edib. Bildirib ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da zənginləşdirir: “Gənclərimiz istər orta, istərsə də ali tədris müəssisələrində istifadə etdikləri vəsaitlərdə nəzərdə tutulan biliklərdən tam məlumat ala bilmirlər. Müəyyən vaxt çərçivəsində məhdudlaşan ali və orta ixtisas təhsili məktəblərinin proqramları lazımi məlumatları özündə bütöv şəkildə əks etdirmir”.

F.Ağayev “Şəxsi inkişaf və karyera” mövzusunda digər məruzəsində isə qeyd edib ki, yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək onlara karyera imkanlarını dəyərləndirməkdə effektiv köməklik edə bilər. O bildirib ki, uğurlu karyera qurmaq üçün təkcə sahə və peşə bilikləri yetərli deyil, həmçinin insanın sosial vərdişləri, bacarıqları da xüsusi əhəmiyyət daşıyır.

Sonra tələbələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilən, Vətənimizin yaşı əsrlərlə ölçülən Dəmirçi məscidini ziyarət ediblər. Tələbələrə məlumat verilib ki, tarixi abidəmiz olan bu qədim məscid 755-ci ildə tikilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün tarixi abidələr, ziyarətgahlar, məscidlər bərpa edilir, əsaslı təmir olunur və yeniləri inşa olunur.

Günün sonunda tələbələrin asudə vaxtının səmərəli təşkili üçün film nümayişi təşkil olunub.

Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti