...

Azərbaycanda 800-ə yaxın yeni ŞƏXS ADI lüğətə daxil ediləcək (ÖZƏL)

Cəmiyyət Materials 12 Mart 2019 07:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır. Bunu özəl olaraq Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavininin sözlərinə görə, bu gün Azərbaycanda şəxs adlarının siyahısına yenidən baxılaraq təkmilləşdirilməsinə ehtiyac var.

S.Sadıqova əlavə edib ki, hələ 2014-cü ildə şəxs adlarının izahlı lüğətinin təkmilləşdirilmiş nəşri çap edilmişdi. Lüğətin həmin nəşrinə 7500-ə yaxın ad daxil edilmişdi. Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi 1700-ə yaxın şəxs adı isə siyahıdan çıxarılmışdı.

Artıq həmin adların qoyulmasına icazə verilmədiyini deyən S.Sadıqova hesab edir ki, Azərbaycan xalqı yarandığı dövrdən etibarən mövcud olan adlar sistemi qorunub saxlanılmalıdır:

"Adlar sistemi hər bir xalqın milli mentalitetini əks etdirir. Bizim əsas məqsədimiz o mentaliteti qoruyub saxlamaqdır. Ona görə də uşaqlara ad qoyularkən və ya dəyişdirilərkən xalqımız üçün yad olan, gülüş doğuran adlardan istifadə edilməməlidir".

O, şəxs adları ilə bağlı valideynlərin maarifləndirilməsini vacib hesab edir:

"Məsələn, bir gənc atasının adından utandığından onun dəyişdirilməsi üçün müraciət etmişdi. Atasının adı Saqqal idi. Başqa bir nəfər müraciət edib ki, uşağa Nailə Münəvvər adı qoyulsun və istəyir ki, hər iki ad ayrı-ayrılıqda yazılsın. Ancaq bizdə bu mümkün deyil. Buna görə də valideynlər hələ körpə ikən uşaqlarına elə adlar qoymalıdırlar ki, onlar böyüdükdən sonra adı dəyişdirməyə məcbur olmasınlar".

Müstəqillik illərində Azərbaycanda yeni adların yarandığını deyən S.Sadıqova siyahı ilə bağlı yeni nəşrin hazırlanması üçün işlərin aparıldığını, lüğətin ilkin variantına dilimizə təzə daxil olan 800-ə yaxın şəxs adının əlavə edildiyini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti