Bakı. İlhamə İsabalayeva - Trend:
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun YUNESKO baş qərargahında keçirilən iclasında bildirilib.
YUNESKO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO-nun rəsmiləri və işçi qrupun digər üzvlərinin iştirakı ilə keçirilən iclasda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, “Bakı Prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir və bu proses çərçivəsində son 10 ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forumu, Nazirlər Konfransları və digər beynəlxalq tədbirlər təşkil edilib.
YUNESKO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson bu dəfəki forum çərçivəsində YUNESKO tərəfindən 5 tədbirin təşkil ediləcəyini söyləyib.
İclasda qərara alınıb ki, bu dəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcək.