...

Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət

Cəmiyyət Materials 27 İyun 2019 20:20 (UTC +04:00)
O, bunu bacardı, insan gücünün heç bir məhdudiyyətlərə sığmadığını bütün dünyaya dəfələrlə sübut etdi.
Əlil idmanına dəstək və Korporativ Sosial Məsuliyyət

Bakı. İlhamə İsabalayeva - Trend:

O, bunu bacardı, insan gücünün heç bir məhdudiyyətlərə sığmadığını bütün dünyaya dəfələrlə sübut etdi. Bu gün isə yenilməz ruhun uğur hekayəsini əsas gətirərək, xələflərinə yol açır. Parataekvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova əlil uşaqların cəmiyyətdən təcrid olunmasının qarşısını almağa, onları müvəfəqiyyət qazanacaqlarına ruhlandırmağa, dəstək verməyə çalışır.

İdman ustası deyir ki, vaxt olub, məşqlərə borc alaraq gedib, zaman keçdikcə isə maliyyə dəstəyi alıb və bu dəstək də gözlənildiyi kimi, dövlətdən gəlib.

Əlillərin yaşadığı dünyanın içindəki çətinlikləri daha yaxşı anlayan Aynur hazırda maddi problemlər üzündən yarışlara qatıla bilməyən əlil uşaq idmançıların arzularının reallaşması üçün onlara imkanı daxilində maliyyə yardımı da edir. Lakin Aynurun dediyi kimi, əlilə kömək etmək üçün əlil olmaq vacib deyil...

Əslində, Aynurun timsalında ölkəmizdəki bütün paralimpiyaçıların uğur hekayəsinin ana xəttini cızmaq olar; acı reallıqlar göstərir ki, bu hekayələrin əsasında yalnız iradəli, yaxınlarından güc alan əlil və dövlətin dəstəyi dayanır.

İnsan ruhunun gücünü göstərən paralimpiya

Stiqmanın olduğu Azərbaycan cəmiyyətinin əsas problemlərindən biri əlillərin evə qapadılaraq onlara özünüinkişaf üçün şəraitin yaradılmamasıdır. Bu baxımdan, paralimpiya hərəkatı sağlamlıq imkanları məhdud şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasında, onların özünütəsdiqində, fiziki və mənəvi kamilliyə çatmasında mühüm rol oynayır.

Azərbaycan dövləti həm qanunvericliyi, həm də birbaşa dəstəyi ilə paralimpiya hərəkatını daim diqqət mərkəzində saxladığını bəyan edir. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının açılış mərasimində məşəlin görmə qabiliyyətini itirmiş dünya şöhrətli paralimpiyaçımız İlham Zəkiyev tərəfindən alovlandırılması bunun təsdiqidir.

Yeni maliyyə mənbələri və tərəfdaşlar axtarışında

Azəbaycanda paralimpiyaya əsas dəstək dövlət tərəfindən verilsə də, əksər ölkələrdə olduğu kimi, ölkəmizdə də özəl şirkətlərin bu sahəyə xüsusi diqqəti, maliyyələşdirmə prosesinə yardımı arzuolunandır. Hələlik bu təcrübə üzrə vəziyyət qaneedici olmasa da, son illər ərzində aparılan təbliğat işləri gələcəyin ümidverici olacağına inam yaradır.

Milli Paralimpiya Komitəsinin (MOK) prezidenti İlqar Rəhimov Trend-ə bildirib ki, komitə paralimpiyanın inkişafına dəstəyi bir neçə mənbədən əldə edir.

Əsas dəstəyin dövlət tərəfindən olduğunu vurğulayan İ.Rəhimov daha çox sayda şirkətin korporativ sosial məsuliyyət (KSM) çərçivəsində onlarla əməkdaşlıq quracağına ümid edir: “Müvafiq dövlət orqanlarının - Əmək və Əhalinin Sosial Müdafiəsi, İdman və Gənclər nazirliklərinin dəstəyi, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan MOK-a mütəmadi vəsaitin ayrılması dövlətin böyük dəstəyinin göstəricisidir. Amma komitə olaraq çalışırıq ki, dövlətin üzərinə çox yük düşməsin, əlavə maliyyə mənbələri və tərəfdaşlar axtaraq. Bizim beynəlxalq tərəfdaşlarımız var. Bu tərəfdaşların sırasında ilk növbədə UNİCEF-in adını çəkmək olar. Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər – Azərbaycan Dövlət Neft Şirkəti, BP-Azərbaycan, Toyota, Bakcell, Azercell də bizə yardım göstəririlər. Hələlik onların payı dövlət qədər deyil, amma hər halda ildən-ilə bu sahədə inkişaf var. İnanırıq ki, Azərbaycanda şirkətlər KSM çərçivəsində bizə daha yaxından kömək edəcəklər”.

MOK rəsmisi düşünür ki, tərəfdaşların sayının artımı paralimpiya hərəkatının daha sürətlə inkişafına, 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında idmançılarımızın daha yüksək nəticələr əldə etmələrinə böyük töhfə verəcək.

KSM - şirkətlərinin nüfuz göstəricisi

KSM-ə gəlincə, çoxlarına yad olan bu anlayış ilk dəfə 1920-ci illərdə ABŞ-da yaranıb, sonradan isə Avropada yayılıb.

Hazırda dünyada şirkətlərin nüfuzu onların KSM-ə nə dərəcədə əməl etməsi ilə müəyyən olunur. Birləşmiş Krallıq, Fransa, Almaniya və s. kimi ölkələrdə KSM-ə çox üstünlük verilir. Bunun nəticəsidir ki, paralimpiya oyunlarında daha çox ABŞ, Avstraliya, Britaniya, Almaniya, İspaniya, Fransa, Kanada, Niderland kimi Qərb ölkələri medal qazanırlar. 2004 və 2008-ci illərdə keçirilən paralimpiya oyunlarında Çin və Yaponiya kimi Asiya ölkələri də çox medal qazanıblar.

Yeri gəlmişkən, Yaponiyaya ilk gələn şəxslərdə elə təəssürat yarana bilər ki, burada fiziki imkanları məhdud olan şəxslərin sayı lap çoxdur. Əslində, burada qayğının varlığı, stiqmanın yoxluğunun nəticəsidir ki, sağlamlıq imkanları məhdud insanlar evdən küçəyə çıxmaqdan qorxmurlar.

Fransa da bu insanların fəal həyatının təmin olunmasına milyardlarla avro xərcləyən ölkələrdəndir. Fiziki məhdudiyyətli insanların fəal həyata qayıtması üçün bütün variantları gözdən keçirən ölkələr siyahısında Almaniya, ABŞ, İtaliya, Braziliya, Rusiya və s. kimi ölkələr də yer alır.

Tərəfdaşlar niyə kömək edir?

Azərbaycanda da əlillərin idmana cəlbinə yardım edən beynəlxalq qurumlar müəyyən yeni təşəbbüslərlə çıxış edirlər. Belə təşəbbüslərdən birini bu yaxınlarda Avropa İttifaqı (Aİ) və UNICEF təqdim edib. Təşəbbüsün icrası üçün Aİ 3 milyon avro vəsait ayırıb. Bu layihə əsasında səhiyyə, inklüziv təhsil, uşaqların müdafiəsi və s. ilə yanaşı, qızlara xüsusi diqqət yetirilməklə, əlilliyi olan uşaqların idman sahəsinə cəlbinə də dəstək göstəriləcək.

BP-Azərbaycan şirkətindən Trend-ə bildirilib ki, MOK və Milli Paralimpiya Komitəsi ilə olan tərəfdaşlıq razılaşmasına uyğun olaraq, şirkət ölkənin milli komandalarına və bir qrup seçilmiş idmançılara 2020-ci ilin sonunadək dəstək verəcək.

Bu sahədə ilkin saziş London 2012 Oyunlarından əvvəl imzalanıb və həmin vaxtdan etibarən tərəfdaşlıq sazişinin müddəti iki dəfə uzadılıb. Bu çərçivədə bir qrup milli idmançının Olimpiya və Paralimpiya Oyunları kimi mötəbər beynəlxalq idman yarışlarına hazırlığına dəstək veriləcək, habelə Azərbaycanda elit idmançıların inkişafına yardım ediləcək.

Şirkətdən qeyd edilib ki, Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin etibarlı tərəfdaş kimi ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.

Bakcell şirkətindən isə Trend-ə deyilib ki, genişmiqyaslı “Bakcell Stars” KSM proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasını, onlar üçün bərabər imkanların yaradılmasını təmin edən layihələr həyata keçirilir: “Fiziki məhdudiyyətli uşaq və gənclər bu kateqoriyaya aid olduğundan onların iştirak etdiyi bir çox layihələrə dəstək göstəririk. Buraya təhsil, incəsənət, idman və s. vasitəsilə inkişaf daxildir. Artıq 10 ildir ki, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birgə keçirdiyimiz davamlı layihələr çərçivəsində uşaqların, gənclərin idman və incəsənət sahəsində inkişafına xüsusi yer ayrılıb. Bu təşkilatın himayəsində olan uşaqlar respublika və beynəlxalq səviyyəli idman yarışlarında, eləcə də paralimpiya oyunlarında yaxşı nəticələr nümayiş etdiriblər”.

“Necə edək ki, hamı ilk növbədə paralimpiya sahəsini düşünsün?”

Biznes qurumlarının bu sahəyə marağının artırılmasına gəldikdə, İ.Rəhimov hesab edir ki, bunun üçün ilk növbədə MOK özünü daha çox tanıtmalıdır: “Biz elə etməliyik ki, hansısa şirkət yardım etmək istədikdə ilk növbədə paralimpiya sahəsini fikirləşsin, bu sahə üzrə layihələr həyata keçirsinlər”.

Onun sözlərinə görə, biznes qurumlarının KSM-də fəal iştirakı üçün şirkətlər müəyyən müddətdən bir mükafatlandırıla bilər: “Bunun üçün ikinci yol iqtisadi tənzimlənmədir. Müəyyən vergi tənzimlənməsi sistemi yaradıla, yəni bu sahəyə vəsait ayıran şirkətlərə müəyyən güzəştlər verilə bilər. Beləliklə, şirkətləri daha çox sosial layihələrin maliyyələşdirilməsinə həvəsləndirmək olar. Təbii ki, bu vergi siyasəti ölkənin ümumi iqtisadi inkişafı istiqamətində aparılmalıdır. Amma özüm bir iqtisadçı olaraq, heç vaxt güzəştlərin tərəfdarı olmamışam. Çünki güzəştlər də haradasa müəyyən “qara işlər”in baş verməsinə səbəb ola bilər. Güzəşt olmasa, hər şey daha düzgün və şəffaf olar”.

Ekspertlərin fikrincə, ölkəmizdə şirkətlərin belə layihələrə cəlb edilməsi üçün ilk növbədə KSM onlar tərəfindən ciddi qəbul edilməli və şirkətlər bunu bir öhdəlik olaraq qəbul etməlidirlər. Bunun qanunvericliklə tənzimlənməsinin tərəfdarı olduqlarını açıqlayan mütəxəssislərin dediyinə görə, paralimpiya sahəsinin özü sosial sahə olduğu üçün bu sahəyə xüsusi diqqətin yetirilməsi daha vacibdir. Bununla yanaşı, dövlət özəl sektorun sosial fəaliyyətinə dəstəyi gücləndirə bilər. Şirkətlər eyni zamanda müəyyən dövrdən-bir sosial məsuliyyət sahəsində hansı tədbirlər gördüklərini ictimaiyyətə açıqlamalıdırlar.

Daha sağlam cəmiyyət naminə

Daha sağlam cəmiyyət naminə, ölkədə paralimpiya dəyərlərinin yayılması, onların ictimaiyyətə çatdırılması olduqca vacibdir. Bu yolda ən səmərəli addım onların qayğı və problemlərinin həllini işıqlandıran məlumatların önə çəkilməsidir. Fiziki imkanları məhdud şəxslər cəmiyyətin dəstəyi ilə bundan utanmamalı, qapanmamalıdırlar. Kortəbii formalaşmış stiqma onlar üçün uğura gedən yolu bağladığı halda, paralimpiya dəyərlərinin artması bu şəxslər üçün geniş, işıqlı yolu üfiqlərə qədər, sonsuz şəkildə uzada bilər.

MOK rəsmisi hesab edir ki, paralimpiyanın inkişafı üçün təbliğat işləri aparılmalı, davamlı olaraq beynəlxalq və yerli səviyyəli tədbirlər keçirilməlidir.

Paralimpiya dəyərlərinin yayılmasını və onun ictimaiyyətə çatdırılmasını vacib sayan komitə sədri deyir ki, MOK tərəfindən bu sahədə işlər görülsə də, bu işlərin sayı artırılmalıdır. Həmçinin, MOK tərəfdaşlarının sayının artımına ehtiyac var. Lakin paralimpiyanın daha güclü inkişafı üçün hər birimizin üzərinə müəyyən öhdəliklər düşür.

Sosial inteqrasiyanı təbliğ, stereotipləri isə rədd edən hərəkat

Paralimpiyaçılar dəyişikliklərin səfiri sayılırlar. Onların çıxışlarının nəticələri bütün dünyanı təəccübləndirir, ruhlandırır və insan potensialının həddi ilə bağlı düşüncələri kökündən dəyişdirir. Heç bir hadisə sosial inteqrasiyanın təşviqi və cəmiyyətin transformasiyasına Paralimpiya Oyunları kimi güclü təsir etmir.

Eyni zamanda, paraloimpiyanın xaricində heç bir hadisə yüz milyonlarla insanın baxış və fikirlərini dəyişdirməyə; hökumətləri investisiya proqramları hazırlamağa, məhdud imkanlara malik şəxslərin maraqlarına xidmət edən yeni qanunların qəbuluna vadar və təşviq etmir. İnsan ruhunun gücünü göstərən paraloimpiya əlillik anlayışının qəbulunda bütün köhnə stereotipləri rədd edir. Paralimpiya Oyunları həqiqətən də əlillərin hüquqlarının reallaşdırmasına imkan yaradaraq sosial inteqrasiyanı təbliğ edən dünyanın ən əhəmiyyətli idman hadisəsidir.

Məhz biz - hamımız onlara dəstək verməli və irəliyə gedən bütün yolları onların qarşısında açmalayıq. Bunun üçün isə hər bir fərdin düşüncəsi kökündən dəyişməlidir.

Yazı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti