...

Səfir Fəxrəddin Qurbanov ADU-nun tələbə və müəllimləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2019 10:54 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı Fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbə və müəllimləri ilə görüşüb.
Səfir Fəxrəddin Qurbanov ADU-nun tələbə və müəllimləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Xorvatiyadakı Fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbə və müəllimləri ilə görüşüb.

Trend-in məlumatına görə, universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu deyib, onun fəaliyyətini yüksək qiymətləndirib: “Fəxrəddin müəllim uzun illərdi Azərbaycanı beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Beynəlxalq əlaqələrin əhəmiyyəti, dünya miqyasında siyasi proseslərin gərginliyi diplomatik məsələlərin düzgün qurulmasını zəruri edir. Bu mənada Fəxrəddin Qurbanov böyük uğurlara nail olub. Həm də Azərbaycan Dillər Universitetinin məzunu olaraq Fəxrəddin müəllim hamımızın fəxridir.”

F.Qurbanov Azərbaycan Dillər Universitetinin tələbə-müəllim heyəti ilə görüşdən məmnun olduğunu bildirib və dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib.

Səfir diplomatiya anlayışı haqqında fikirlərini bölüşüb, müasir diplomatik təcrübə, dəyişikliklər və çağırışlardan bəhs edib. O, diplomatların peşə fəaliyyəti haqqında danışaraq bu peşəni seçən şəxslərin əsas vəzifəsinin daxili və xarici nümunələr əsasında mühüm məsələlərin araşdırılması və məlumatların məruzə edilməsi, bu haqda tövsiyələrin verilməsi olduğunu diqqətə çatdırıb.

Ənənəvi diplomatiyanın protokol xidməti, nümayəndəlik və səfərlərlə əlaqəli olduğunu söyləyən F.Qurbanov yeni informasiya və telekommunikasiya texnologiyalarının diplomatik təcrübəyə böyük təsir gücünün olduğunu qeyd edib. Görüşdə səfir, həmçinin diasporun rolundan ətraflı söhbət açıb. Diplomat F.Qurbanov diplomatiyanın funksiyaları və mühüm aspektləri haqqında da danışıb.

F.Qurbanov Azərbaycanın xarici siyasətində əsas rol oynayan coğrafi mövqeyindən söz açaraq ölkənin Rusiya və İran, Türkiyə və Mərkəzi Asiya ilə kəsişməsi haqqında müzakirələr aparıb. Səfir Azərbaycan diplomatiyasının müxtəlif metodları haqqında məlumat verərək bu gün ölkəmizin beynəlxalq və regional layihələrdə etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, mühüm əhəmiyyətə malik beynəlxalq və regional təşkilatlarda Azərbaycanın üzvlüyü və oradakı fəaliyyəti, o cümlədən yoxsulluq və müharibə şəraitində yaşayan digər ölkələrə humanitar yardım göstərməsi ilə bağlı məsələlərə də toxunub.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Sevinc Zeynalova və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova diplomatın tələbələrlə görüşünün əhəmiyyətini yüksək qiymətləndirib, “Səfir saatı” layihəsinin əhəmiyyəti haqqında danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti