...

ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2019 19:18 (UTC +04:00)
“CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.
ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, CSL Turkish proqramının ADU üzrə direktoru, dosent Jalə Qəribova proqram iştirakçılarını və qonaqları salamlayıb. O, proqramın başa çatmasına görə çox kədərləndiyini bildirib: “8 həftə davam edən mənalı, rəngarəng və həyəcanlı həftələri geridə qoyduq. Proqram müddətində Bakıdakı həyat haqqında çox maraqlı şeylər öyrəndiniz və zəngin təcrübə qazandınız. Proqram çərçivəsində siz Azərbaycanda ailə münasibətlərini və insanların bir-birilərini necə dəyərləndirdiklərini öyrəndiniz”.

Prorektor çıxışının sonunda çalışqan və motivasiyalı olduqlarına görə amerikalı tələbələrə, eyni zamanda onların müəllimlərə, dil partnyorlarına, rezident direktora, ailələrə və proqram təşkilatçılarına təşəkkür edib.

Amerika Şurasının nümayəndəsi Elgün Məmmədov proqramın uğurla başa çatdığını söyləyib, bu proqrama qatılan hər bir kəsi təbrik edib və onlara uğurlar arzulayıb. O, eyni zamanda universitet rəhbərliyinə təşəkkür ünvanlayıb.

Amerikalı tələbələrlə iş üzrə rezident direktor Rebecca Barr 6 il öncə Ankarada bu proqramın iştirakçısı olduğunu qeyd edib: “Proqramın başa çatdığına inana bilmirəm. Azərbaycanda ilk dəfədir oluram. Gəlməzdən öncə Bakının bu qədər gözəl olacağını düşünmürdüm. Burada özümü həm rahat, həm xoşbəxt hiss edirəm”.

Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx təqdim edilib.

Daha sonra türk dilini öyrənən amerikalı tələbələr türk dilində şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər.

Sonda tələbələrə hədiyyələr verilib.

Qeyd edək ki, proqram çərçivəsində amerikalı tələbələr türk dilini öyrənməklə yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazanıblar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. İyunun 15-də başlayan “CLS Turkish” proqramı çərçivəsində amerikalı tələbələr 8 həftə ərzində türk dilini öyrənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti