...

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılıb (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2019 18:48 (UTC +04:00)
Əhaliyə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə bu gün oktyabrın 25-də Şəki şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb.
Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Əhaliyə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə bu gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılıb.

Trend-in məlumatına görə, açılış mərasimindən sonra Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə Şəki şəhərində “Respublikanın Regionlarında Oftalmologiyanın İnkişafı, Problemləri, Nailiyyətləri” mövzusunda 7-ci regional konfrans keçirilib.

MOM-un Şəki filialının açılması münasibətilə keçirilən konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizdə səhiyyənin inkişafı sahəsində görülən işlərdən danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində mühüm işlər görülüb.

İcra başçısı qeyd edib ki, ötən müddətdə Mərkəzin əməkdaşları tərəfindən Şəkidə göz xəstəliklərindən əziyyət çəkən 4 mindən çox insan müayinə və müalicə olunub, 150 nəfərin gözündə cərrahi əməliyyat aparılıb.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov konfransın əsas məqsədinin oftalmologiya sahəsindəki yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflərlə çıxış etmək, bu sahədə baş verən ən son nailiyyətlərdə region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaq olduğunu diqqətə çatdırıb.

Bölgələrdə MOM-un yeni filiallarının açılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edən direktor bildirib ki, Şəki filialı Mərkəzin regionlarda yaradılan sayca üçüncü tibb müəssisəsidir:

“Səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz edilib. Şəki filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb”.

E.Qasımov qeyd edib ki, mərkəzin Şəki filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yaranan anatomik pozuntuları zamanı optik-rekonstruktiv, tor qişanın qopması, görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçiriləcək.

Gələcəkdə digər regionlarda da mərkəzin filiallarının açılacağını söyləyən E.Qasımov oftalmologiya elminin inkişafı üçün yüksək biliyə malik gənc kadrların lazım olduğunu da nəzərə çatdırıb.

MOM-un Elmi təşkilat metodiki bölməsinin rəhbəri Yazgül Abdıyeva göz xəstəlikləri ilə bağlı mövcud vəziyyətdən danışaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Bunun 1.5 milyon nəfəri uşaqdır. Korluqdan əziyyət çəkən insanların 82 faizi 50 yaşdan yuxarı olan şəxslərdir.

Y.Abdiyeva qeyd edib ki, korluğun qarşısını almaq üçün ÜST və Dünya Korluqla Mübarizə Agentliyi birlikdə “Görmə 2020” proqramı çərçivəsində böyük layihələr həyata keçirirlər. Bu proqram çərçivəsində mərkəzin dəmiryolu və avtomobil səyyar klinikaları vasitəsilə korluğun qarşısının alınması üçün əhali arasında maarifləndirmə işləri həyata keçirir, müayinə, müalicə və əməliyyatlar aparılır.

Y.Abdiyeva belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Konfrans məruzələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti