Bakı. Elçin Mehdiyev - Trend:
“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərinin ortaya çıxarılmasıdır.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
A.Rəhimov vurğulayıb ki, bu layihə insanların qarşısında yeni imkanlar açacaq. Belə ki, insanlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər.
Daha sonra tədbirdə çıxış edən “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək.
O bildirib ki, bu, yeni bir sahədir: “Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar”.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var: “Bunun üçün biz dünya təcrübəsini öyrəndik və belə bir layihə ortaya çıxdı. Biz eyni zamanda bu layihəni sınaqdan keçirmişik və bu mexanizmin işlək olduğunun şahidi olmuşuq”.
Qeyd edək ki, bu gündən “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.