...

Quşların müşahidəsi turizminin inkişafına diqqət artırılır (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2020 14:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Ümumdünya Su-Bataqlıq günü” ilə əlaqədar fevralın 2-də Qızılağac Milli Parkında İDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə bağlı milli parkda təşkil olunan elmi seminardan sonra iştirakçılar Qızılağac Milli Parkındakı “Turac” və “Bala dəniz” marşrutlarında quşları müşahidə edib, parkda yaradılmış “Turizm İnformasiya Mərkəzi” ilə tanış olublar.

"Quşlarımızı qoruyaq" devizi ilə təşkil olunan tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, quşların müşahidəsi turizminə diqqətin çəkilməsi və təbii varlıqların qorunmasının vacibliyini aşılamaqdır.

Qeyd edək ki, su-bataqlıq quşlarının kütləvi surətdə çoxaldığı və ayrı-ayrı mövsümlərdə toplaşdıqları yer kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 25 may 2001-ci il tarixindən Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.

Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur və həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş toplanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti