...

Aİ Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar üçün xüsusi tədbirlər keçirəcək

Cəmiyyət Materials 2 Mart 2020 11:25 (UTC +04:00)
2020-ci il mart ayının 6-da Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Aİ-nin Şərq Qonşuları layihəsi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün qeyri-rəsmi görüş təşkil edir.
Aİ Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar üçün xüsusi tədbirlər keçirəcək

Bakı. Trend:

2020-ci il mart ayının 6-da Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Aİ-nin Şərq Qonşuları layihəsi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün qeyri-rəsmi görüş təşkil edir. Görüşün əsas məqsədi Aİ-nin həyata keçirdiyi layihələrin Azərbaycan qadınlarının həyatında yaratdığı gözəçarpan nəticələri və imkanları müzakirə etmək, o cümlədən jurnalistlər ilə əməkdaşlığı gücləndirməkdir. Görüşdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Səfir Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Əhali Fondunun (BMTƏF) nümayəndələri, jurnalistlər, bloggerlər, Aİ tərəfindən maliyyələşdirilən layihələrin rəhbərləri, Aİ-nin dəstəyindən yararlanan qadınlar və Gənc Avropa Səfirlərinin iştirakı planlaşdırılır.

Qadınların hüquqlarını qorumaq və potensiallarını tam reallaşdırmaları üçün onların hüquq və imkanlarını artırmaq məqsədilə Avropa İttifaqı 60 ildən artıqdır yorulmadan çalışır. Gender bərabərliyi Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün ana xəttini təşkil edir. Bu, istər qadınların, istərsə də kişilərin fərdi həyatında vacib əhəmiyyətə malikdir və uzunmüddətli demokratik inkişaf üçün çox vacibdir. Azərbaycanla əməkdaşlıqda Aİ işgüzar qadınları gücləndirmək, keyfiyyətli təhsil üçün imkanlar yaratmaq və ədalətli cəmiyyəti təşviq etməklə real dəyişikliklərə təkan verir.

Hər bir proqram və layihə real insanlar tərəfindən tərtib olunur. Azərbaycan qadınlarına dəstək vermək və bölgələrdə iqtisadi inkişafa şərait yaratmaq məqsədi daşıyan bu layihələr çərçivəsində həyata keçirilən xüsusi fəaliyyətlərə maliyyə vəsaiti ayrılır. Bu görüş kütləvi informasiya vasitələri və Aİ-nin icra etdiyi layihələrin nümayəndələrinin bir-birlərini daha yaxından tanıması və Azərbaycan qadınlarını Aİ tərəfindən maliyyələşdirilən layihələr haqqında daha yaxşı məlumatlandırmaq istiqamətində əməkdaşlığın gücləndirilməsi üçün əvəzolunmaz imkandır.

Tədbirdə "İcma əsaslı qruplar vasitəsilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması" layihəsinin nümayəndələri tərəfindən uşaqların məktəbə hazırlanmasında və daha böyük sosial inteqrasiya ilə üzləşməsində ailələrə köməkliyin göstərilməsi sahəsində əldə olunan nailiyyətlərin təqdim olunması gözlənilir.

Masallı rayonunun kəndlərindən birində yaşayan Sübnaz Ağazadə həmin kənddə məktəbəqədər təhsil mərkəzi açıldıqdan sonra qızı ilə daha çox vaxt keçirdiyini deyir:

"Kəndimizdə icma əsaslı məktəbəqədər təhsil müəssisəsinin açılması övladımın həyatı ilə yanaşı, mənim də həyatımı dəyişdi. Mən analıq vəzifəmin ona yemək vermək və paltarlarını geyindirməkdən ibarət olduğunu düşünürdüm. Vaxtımın çox hissəsini ev işləri görməyə və ev heyvanlarına qulluq etməyə sərf edirdim. Qızımla birgə vaxt keçirməyə imkanım olmurdu. Məktəbəqədər təhsil mərkəzi həyatımızı müsbət istiqamətdə dəyişdi. İndi mən bir qadın kimi ictimai yerlərdə ola, digər analarla görüşə, iclaslarda iştirak edə və sosiallaşa bilirəm. Mən qızına vaxt ayıran qayğıkeş bir ana olmuşam”.

Quba rayonunda müəllim kimi fəaliyyət göstərən Elmara Süleymanova özünü məktəbəqədər təhsil mərkəzində işləməzdən əvvəlki dövr ilə müqayisə edir və çox böyük fərq olduğuna inanır: "Gənc yaşlarımda uğursuz nikahdan və çox erkən yaşlarımda atamı itirdikdən sonra uzun illər ruh düşkünlüyündən əziyyət çəkmişəm. Gələcəyə inamımı itirmişdim və düşünürdüm ki, heç vaxt heç nəyə nail ola bilməyəcəyəm. Mən təsəvvür edə bilmirdim ki, həyatımda yaxşı şeylər baş verəcək. İcma əsaslı məktəbəqədər qrupa seçilməyim həyatımda yeni səhifənin açılmağına səbəb oldu. Özümə inamım artdı və özümə güvünməyə başladım. İndi öz ayaqlarım üzərimdə dayanmışam və Mərkəzdəki uşaqların sevgisi məni həvəsləndirir, güc və cəsarət verir".

"Gender əsaslı dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun təşviqi" layihəsi qadınların hüquq və imkanlarının artırılmasına töhfə verərək "heç kimi kənarda" qoymamağı qarşısına məqsəd qoyub. Arzu Məmmədova 45 yaşlı üç uşaq anasıdır. Uşaqları kiçik olanda həyat yoldaşı dünyasını dəyişib. Həmin gündən etibarən o, təkşabaşına ailənin yükünü öz çiyinlərində daşıyır. İllər uzunu daimi işi olmayıb və ailəsini dolandırmaq üçün mübarizə aparmalı olub. Bu illər ərzində qardaşının və yaxınlarının maddi köməyindən asılı olub. Hal-hazırda Arzunun özünün biznesi - "Əsli nənənin təndiri" adlı çörək mağazası var. O, bu biznesi Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycanın şimal-qərbi rayonlarında aztəminatlı qadınlara qarşı diskriminasiya ilə mübarizəyə yönəlmiş Fəaliyyət çərçivəsində reallaşdıra bilmişdir.

"Oğlan övladlarına üstünlük verilməsinin və qız övladlarının düzgün qiymətləndirilməməsinin qarşısının alınması üzrə qlobal proqram" artıq bir neçə ildir BMTƏF tərəfindən mühüm strateji prioritetlərdən birinə çevrilib. Sübutlara əsaslanan məlumatlar göstərir ki, Azərbaycanda mövcud olan cins seçimi fenomeni gender ilə əlaqədar stereotiplər və yalnış fikirlər, eləcə də oğlan övladlarına yüksək dəyər verən adətlərin təsiri altında formalaşmışdır. BMTƏF-in müvafiq hesablamalarına əsasən, dünyaya gələn dövrdə cinslər arasında nisbət yüksək qalarsa, 2050-ci ilə qədər hər il dünyaya gələn oğlanların sayının qızların sayından 12-15 min çox olacağı proqnozlaşdırılır. Eyni problemin mövcud olduğu digər ölkələrin oxşar təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq artması, ölkədə zorakılıq hallarının geniş yayılması, qanun pozuntularının, eləcə də qız qaçırılması, erkən nikah, insan alveri və s. kimi problemlərin daha da dərinləşməsi kimi bir sıra mənfi hallara səbəb olur.

Gənc Avropa Səfirləri qabaqcıl təcrübələrini bölüşən və Aİ və Şərqi Tərəfdaş ölkələrinin gəncləri ilə birlikdə çalışan Azərbaycanlı gənclərdir. Gənc Avropa Səfirləri gender bərabərliyi daxil olmaqla, ümumi dəyərləri təşviq etmək məqsədilə müntəzəm olaraq dialoqların əsas yer tutduğu fəaliyyətlərdə iştirak edirlər. Bu yaxınlarda onlar gender əsaslı zorakılığa qarşı beynəlxalq kampaniyada iştirak ediblər. Onlar həmçinin yerli gənclər arasında genderlə əlaqədar zorakılığa qarşı maarifləndirmə işinin gücləndirilməsinə dair seminar təşkil ediblər.

Əlavə məlumat:

Siz də bacararsınız! Aİ-nin Azərbaycandakı işgüzar qadınlara dəstəyi haqqında

Aİ Azərbaycanda gender bərabərliyinin qorunmasına dəstək verir

Gücle qadın - güclü Azərbaycan

Gənc Avropa Səfirləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti