...

Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

Cəmiyyət Materials 30 Mart 2020 10:05 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə fəaliyyətini dayandıran obyektlərin adlarını açıqlayıb.
Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə fəaliyyətini dayandıran obyektlərin adlarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Trend-ə verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

O qeyd edib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən Bakıda avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət qoyulmayıb.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

Operativ Qərargahın yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti