...

TƏBİB: Hotellərdə tənəffüs xəstəlikləri simptomları olan qonaqların həkim müayinəsi dərhal təmin edilməlidir

Cəmiyyət Materials 5 May 2020 14:32 (UTC +04:00)
TƏBİB: Hotellərdə tənəffüs xəstəlikləri simptomları olan qonaqların həkim müayinəsi dərhal təmin edilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm müəssisələrində və hotellərdə tənəffüs xəstəlikləri simptomları olan qonaqlara həkim tərəfindən baxış aparılana qədər otaqlarında qalmalıdırlar və onlara əsas gigiyena qaydaları haqqında tövsiyələr verilməlidir. Rəhbərlik həmin şəxslərin həkim tərəfindən müayinəsini dərhal təmin etməlidir.

Trend-in məlumatına görə, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Göstərişlərdə qeyd edilir ki, hotellərdə və turizm müəssisələrində yoluxma ehtimalı yüksəkdir. Burada qonaqlar müvəqqəti olaraq yaxın məskunlaşma şəraitində yaşayırlar, öz aralarında və işçilərlə sıx qarşılıqlı münasibətdə olurlar. Məhz bu cəhətlər – qonaqların məskunlaşması ilə bağlı onlara göstərilən xidmətlər (yemək, içki, təmizlik, hər hansı bir fəaliyyətin təşkili və s.) və bu müəssisələrə xas olan qarşılıqlı münasibətlər (qonaq-qonaq, qonaq-işçi heyəti və işçi heyətin öz arasında) xüsusi diqqət tələb edir:

"Odur ki, müəssisənin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə, (əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir. Qeydiyyat işçiləri COVID-19 barədə kifayət qədər məlumatlandırılmalıdırlar ki, qarşılarında qoyulan tapşırıqları etibarlı şəkildə, təhlükəsiz yerinə yetirsinlər və müəssisə daxilində COVID-19 yayılmasının qarşısını alsınlar.

Profilaktika ilə bağlı görülmüş tədbirlər və ya qonaqların ehtiyacı ola biləcəyi digər xidmətlər, məsələn, ərazidə və ya müəssisənin özündə mövcud olan tibb və əczaçılıq xidmətləri barədə müəssisənin siyasəti haqqında qonaqlara məlumat verməyi bacarmalıdırlar".

Sənəddə bildirilir ki, qeydiyyat işçiləri təyin olduqda yaşa və xroniki xəstəliklərin olmamasına fikir verilməlidir. Onların sosial məsafəni qorumaları zəruridir. Qeydiyyat işçiləri COVID-19-a yoluxan xəstələrin idarə olunması qaydalarını bilməli və zərurət yarandıqda rəhbərliyi məlumatlandıraraq “103” təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə əlaqə saxlamalıdırlar.

Xəstəliyinə şübhə olan qonaqlar hüquqları qorunmaq şərti ilə müəssisədə xüsusi nəzarətə götürülməlidirlər. Həmin şəxslər tibbi maska ilə təmin olunaraq onlara tibbi yardım çağırılmalıdır. Qeydiyyat işçiləri bütün bu məlumatları təmkinlə qəbul etməli, vəziyyəti qiymətləndirməyi və müvafiq qərarlar qəbul etməyi rəhbərliyə və tibbi xidmət əməkdaşlarına həvalə etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti