Bakı. İlhamə İsabalayeva – Trend:
Ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmasına icazənin verildiyi qeyri-pedaqoji ixtisasların adları hər il Təhsil Nazirliyi tərəfindən elan ediləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Pedaqoji fəaliyyətlə məşğul olma qaydası”na əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də ümumi təhsil müəssisələrində pedaqji fəaliyyətlə məşğuluna imkan veriləcək.
Bu imkan qaydaya əlavə edilmiş siyahı əsasında Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslar üzrə təhsil alan mütəxəssislərə şamil ediləcək. Həmin ixtisaslar isə hər il elan ediləcək.
Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də işə qəbulunun Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılması nəzərdə tutulur. Həmin mütəxəssislər baza təhsilindən asılı olaraq, pedaqogika, psixologiya və təlim strategiyası ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar.