...

Tibbi tullantıların idarə olunması ciddi nəzarətə götürülüb

Cəmiyyət Materials 21 May 2020 17:11 (UTC +04:00)
Tibbi tullantıların idarə olunması ciddi nəzarətə götürülüb

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirus pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də tibbi tullantıların idarə olunması ciddi nəzarətə götürülüb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu baxımdan nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub. Ölkədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin tərkib hissəsi kimi Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq ETSN təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir və həmin tullantıların utilizasiyasını təşkil edir. Hazırda bu işlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir.

M.Babayev qeyd edib ki, müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə maye, bərk və toz şəklində olaraq, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər. Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür – A, B, C və D, B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb.

Nazir əlavə edib ki, hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır (B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır). Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200oC temperaturda zərərsizləşdirilərək məhv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti