...

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları öz işinə başladı

Cəmiyyət Materials 8 İyun 2020 15:53 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları öz işinə başladı

Bakı. Trend:

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) onlayn formatda keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının açılışı olub.

BANM-dən Trend-ə bildirilib ki, onlayn konfransa BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən 100-dək iştirakçı qatılıb.

“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” adlı ilk konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər” mövzusuna həsr olunub.
Konfransı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov giriş sözü ilə açıb.
İştirakçıları salamlayaraq bu konfransın ənənəvi olaraq hər il BANM-də keçirildiyini qeyd edən rektor bildirib ki, artıq 8 ildir ki konfransın keçirilməsinin əsas məqsədi tələbələrdə elmə, elmi tədqiqat işlərinə maraq yaratmaq və bu sahədə onlar arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.
Tələbə elmi-texniki konfransının Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr oldunduğunu bildirən rektor Elmar Qasımov, bu konfransın Ümummilli liderin şəxsiyyətinə olan dərin hörmət və ehtiramın təzahürü kimi qiymətləndirib.
“Bu konfransın Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunması müasir Azərbaycanın və milli neft strategiyasının banisi olaraq onun şəxsiyyətinə hörmətin təzahürüdür. Builki konfrans əvvəlki illərdə təşkil olunan ənənəvi konfranslardan formatına və miqyasına görə fərqlənir. Dünyada geniş yayılan Koronavirus (COVID-19) pandemiyası səbəbi ilə bu il konfransları təyin olunan vaxtda və formatda keçirə bilmədik. Buna baxmayaraq, tələbələr və tədqiqatçılar tərəfindən təqdim olunan tezis və məqalələrin miqyasını nəzərə alaraq, onlayn konfransların da effektiv olacağı qənaətindəyik. Eyni zamanda, bu il konfranslar ilk dəfə olaraq beynəlxalq səviyyədə təşkil olunub. Bu kimi konfranslar tələbələrə bilik və təcrübələrini bölüşmək, elmi fəaliyyətlərin sosial aktuallığına diqqət çəkmək üçün unikal fürsətdir” – deyə E.Qasımov əlavə edib.
Rektor qeyd edib ki, bu kimi tədbirlər tələbələr arasında elmi biliklərin mübadiləsi, o cümlədən tədqiqat nəticələrini ictimaiyyətlə paylaşmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu konfranslarda iştirak, nəticə etibarilə, tələbələrə sadəcə tədris olunan fənləri daha dərindən öyrənmək imkanı vermir, həm də dünyagörüşlərini genişləndirmək və elmi-texniki sahələrdə biliklərini zənginləşdirmək üçün şərait yaradır.
Qeyd edək ki, konfranslara Azərbaycanın ayrı-ayrı təhsil müəsissələri ilə yanaşı, İran, Rusiya, Gürcüstan kimi ölkələrdən də tələbə və gənc tədqiqatçılar tezislər təqdim edib.
8-11 iyun tarixlərində “Qazıntı və bərpaolunan enerji”, 10-11 iyunda “Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfranslarda bir sıra aktual mövzular ətrafında müzakirələr aparılacaq.
İyunun 11-dək davam edəcək konfransda bölmələr üzrə panel sessiyaları keçiriləcək, yekunda isə iştirakçılar tərəfindən hazırlanmış məruzələrin qiymələndirilməsi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti