...

Dr.Mehdi Əliyev: Sağalan pasiyentlərimizi böyük sevinclə evə yola salırıq (FOTO)

Cəmiyyət Materials 7 İyul 2020 15:47 (UTC +04:00)
Dr.Mehdi Əliyev: Sağalan pasiyentlərimizi böyük sevinclə evə yola salırıq (FOTO)

Bakı. Trend:

Azərbaycanda CİVİD-19 koronavirus infeksiyasının sürətlə yayıldığı şəraitdə Mərkəzi Gömrük Hospitalının bütün kollektivi bu xəstəliyə qarşı mübarizəyə səfərbər olunub. Yüksəkixtisaslı, peşəkar həkimlər və üzərlərinə böyük ağırlıq düşən orta tibb işçiləri gecə-gündüz yorulmaq bilmədən koronavirus xəstələrini müalicəyə qalxıblar. Hospitalın demək olar ki, bütün şöbələri hazırda yalnız koronaviruslu xəstələrə xidmət edir. Bu şöbələrdən biri olan Reanimasiya və intensiv terapiya şöbəsinin üzərinə isə daha ağır yük düşüb: ən kritik vəziyyətdə olan koronavirus xəstələri məhz bura yerləşdirilir.

Şöbənin təcrübəli və peşəkar həkimləri və fədakar tibb bacıları xəstələri həyata qaytarmaq üçün əllərindən gələni əsirgəmirlər. Onlar çox narahat geyimdədirlər, hava buraxmayan kombinezonlar, ağır respiratorlar və eynəklər hərəkətə mane olsa da, bu onları qorxutmur. Nəyin bahasına olur-olsun, xəstələri bu ağır vəziyyətdən çıxarmağa çalışırlar. Şöbənin belə əməkdaşlarından biri də həkim anestezioloq reanimatoloq Mehdi Əliyevdir.

Dr.Mehdi Əliyev 2000-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib, 2000-2001-ci illərdə 1 N-li Şəhər Kliniki xəstəxanasının Anesteziologiya və reanimasiya kafedrasında həkim interna kimi fəaliyyət göstərib. 2007-2011-ci illərdə İtaliyanın Milan şəhərində yerləşən Deqli Studi Di Milano Universitetinin Anesteziologiya və reanimasiya şöbəsində, 2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində Ege Üniversitesi Ündərək damar cərrahiyyəsi və reanimasiya şöbəsində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə başlamışdır. 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsində həkim anastezioloq-reanimatoloq kimi çalışır.
Dr.Mehdi Əliyev inanır ki, biz tezliklə koronavirusa qalib gələcəyik. O, deyir: “Biz hər gün ən ağır koronaviruslu xəstələrinin sağlamlıqlarına qayıtması üçün var gücümüz ilə çalışırıq. Sağalan pasiyentlərimizi böyük sevinclə evə yola salırıq. Tezliklə əvvəlki normal həyat rejiminə qayıdacağıq. Lakin bunun üçün tələb olunan qaydalara hamı tərəfindən ciddi riayət olunması olduqca vacibdir. O zaman biz koronavirus COVID-19 virusuna birlikdə qalib gələcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti