...

UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2021 17:25 (UTC +04:00)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)

Bakı. Trend:

UNEC-də “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər” mövzusunda respublika konfransı keçirilib.

UNEC-dən Trend-ə bildirilib ki, konfransın moderatoru, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov iştirakçıları salamlayaraq, konfransın məqsədi barədə məlumat verib. 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasınin dövlətimiz qarşısında duran ən önəmli məsələlər olduğunu diqqətə çatdıran professor, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Ölkəmizin sosial-iqtisadi inkişafında Qarabağın önəmli yeri olduğunu, bu ərazilərin istehsal imkanlarının ölkənin ixrac potensialının inkişafına böyük təkan verəcəyini bildirib. Z.Məmmədov konfransın mövzusunun bu baxımdan aktuallığını diqqətə çatdıraraq, konfrans çərçivəsində səslənən təklif və tövsiyələrin müvafiq qurumlara təqdim ediləcəyini vurğulayıb.

Konfransda çıxış edən UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Qarabağ geyimlərində istifadə olunan elementlərin, bədii tərtibatların müasir geyimlərə tətbiqi metodları barədə məlumat verərək, həmin geyimlərin dünyada tanıdılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə 2020-ci ilin Azərbaycan üçün Zəfər ili kimi yazıldığını vurğulayaraq, Qarabağın dirçəldilməsinin ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən danışıb. Bu istiqamətdə moda industriyasının inkişafının böyük rol oynayacağını qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.

Səbail rayon İH-nin birinci müavini, dosent Xalidə Bayramova erməni işğalından azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı, zəngin iqtisadi potensialının mövcud olduğuna diqqət çəkərək, Qarabağda moda sənayesinin inkişafı istiqamətlərindən bəhs edib.

İçərişəhər Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikova isə Qarabağda Qurama sənətinin tarixi və inkişafı barədə təqdimatla çıxış edib. O, Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən biri sayılan Qurama sənətinin yenidən bərpasından və bu istiqamətində görülən tədbirlərdən söz açıb.

Əsas məruzəçilərdən olan Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri, dos.Tofiq Mirzəyev “Müasir geyimlərdə Qarabağ milli geyim və dekorativ sənət elementlərindən istifadə yolları”, UNEC-in “Dizayn” kafedrasının müəllimi Nərminə Namazova “Moda sənayesində İslam mədəniyyətinin konsepsiyaları” mövzularında çıxıb ediblər.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

UNEC-in prorektoru, dosent Səadət Qəndilova qədim sənət növü olan pilək tikmə sənəti və parçalardan, professor Zabit Aslanov milli geyimlərin standartlarının hazırlanmasının vacibliyindən danışıblar. “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova və digər çıxış edənlər Qarabağ moda industriyasının inkişafı ilə bağlı tədqiqatların aparılmasının və layihələrin hazırlanmasının bu sahənin inkişafına böyük töhfələr verəcəyini diqqətə çatdırıblar.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti