...

Azərbaycan əhalisi 0,5 faiz artıb

Cəmiyyət Materials 18 Fevral 2021 14:22 (UTC +04:00)
Azərbaycan əhalisi 0,5 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il ərzində ölkə əhalisinin sayı 52025 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10119133 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin 53 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi Quba-Xaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1075 nəfər), Lənkəran (157 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

2020-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 126571 doğulan körpə qeydə alınıb və Körpələrdən 3300-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,4), Quba-Xaçmaz (14,5), Kəlbəcər-Laçın (14,4), Lənkəran (14,1), Aran (14,0), Yuxarı Qarabağ (13,2) və Şəki-Zaqatala (13,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Ötən il ölkədə 75647 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib. Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1669 nəfər gələn və Azərbaycandan 568 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1101 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti