...

Türkdilli ölkələrin meteorologiya sahəsindəki əməkdaşlığı daha intensiv olmalıdır - Muxtar Babayev

Cəmiyyət Materials 19 Fevral 2021 14:14 (UTC +04:00)
Türkdilli ölkələrin meteorologiya sahəsindəki əməkdaşlığı daha intensiv olmalıdır - Muxtar Babayev

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkdilli ölkələrin regional platformalar, o cümlədən “Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlığı davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik.

Trend-in məlumatına görə, bunu Türk Dünyası Meteorologiya Forumunda çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazirin sözlərinə görə, son dövrlər iqlimin dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür.

İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə meylli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti effektiv şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir.

M.Babayevin sözlərinə görə, məsələnin həlli bir tərəfdən, təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır. Digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər.

Nazir hesab edir ki, dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir:

"Qeyd etmək istəyirəm ki, meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizdə meteoroloji stansiyalar avtomatlaşdırılmış, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırılmışdır".

M.Babayevin fikrincə, meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruridir:

"Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, «TURKMETCAP» proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozların hazırlanmasında istifadə olunan lazımı faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır. Meteroloji infrastrukturun təhlükəli meteoroloji hadisələrin vaxtında proqnozlaşdırılmasında və zəruri qabaqlayıcı tədbirlərin görülməsində böyük rolu var. Gələcək planlarımızın uzlaşdırılması və birgə fəaliyyətimiz, iqlim çağırışlarına dayanıqlı olmağa zəmin yaradacaqdır. Bu baxımdan, türkdilli ölkələrin meteorologiya sahəsinə cavabdeh qurumları arasında sıx əməkdaşlığını vacib hesab edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti