...

“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı nəşr edilib

Cəmiyyət Materials 10 Mart 2021 16:45 (UTC +04:00)
“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı nəşr edilib

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabını nəşr edib. Bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan ikinci kitabdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oxucuya təqdim edilən bu kitabda müasir dövrdə miqrasiya, terror, müxtəlif dövlətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik, tolerantlıq və zorakılıq kimi ziddiyyətlərin həllinin daha çox aktuallıq kəsb edildiyi vurğulanır. Kitabın “Ön söz”ündə qeyd edildiyi kimi, müasir dünyada hər bir xalqın mədəniyyətində multikulturalizmin iki fəlsəfi mənası vardır ki, biri birlik, digəri isə müxtəliflik kimi qəbul edilir. Azərbaycanın mədəni müxtəlifliliyi “Azərbaycançılıq” ideologiyasının əsasında formalaşmışdır. Bu ideologiya mədəniyyətimizin bütün xüsusiyyət və komponentlərini özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyev bu ideologiyada mədəni müxtəlif-liliyin əsaslarını xüsusi olaraq vurğulayıb. Cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə multikulturalizmə marağın artması ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu mənada İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən Bakıda keçirilən və artıq ümumdünya ənənə halını almış “Bakı Beynəlxalq Humanitar Forumu”, “Mədəniyyətlərarası dialoq forumu”, 2008-ci ildə əsası qoyulan “Bakı prosesi” və digər mötəbər beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir. Bu forumların təşkilində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu vardır. Görünən odur ki, müasir dövrdə miqrasiya, terror, müxtəlif dövlətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik, tolerantlıq və zorakılıq kimi ziddiyyətlərin həlli məsələsi daha çox aktuallıq kəsb edir və yaxın gələcəkdə də bu məsələlər aktual olaraq qalacaqdır. Bu baxımdan multikulturalizm siyasətinin davam etdirilməsi müasir cəmiyyətlərdə mədəni inteqrasiyanın və mədəni dəyərlərin necə yönləndiriləcəyi ilə bağlı məsələlərdir. Müasir dövrdə hər bir toplumun mədəniyyətinin göstəricisi kimi, müxtəliflik təkzib edilməz fakt olaraq qəbul edilir.

Kitabda ictimai-publisistik kontekstdə multikultural və tolerant ideyaların qabarıq şəkildə XVIII, XIX və XX əsrin əvvəllərində yaşamış filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində daha aydın görünməsi barədə geniş bilgi verilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin qaynaqları” seriyası çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəslsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır.

Kitabın baş elmi redaktoru akademik Kamal Abdulla, tərtibçilər – fəlsəfə elmləri doktorları İlham Məmmədzadə, Sakit Hüseynov, Aydın Əlizadə, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Əhməd Qəşəmoğlu, Rəşad ilyasov, Elsevər Səmədov, ilahiyyat üzrə fəlsəfə doktorları Aqil Şirinov, Əli Fərhadov, rəyçi – professor Kamran İmanov, nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasov və redaktor Tahir Kazımlıdır.

“Ön söz”ün müəllifi akademik Kamal Abdulladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti