Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Agentlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib, ümummilli liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyulub.
Nümayəndə heyəti tərəfindən, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbri ziyarət edilib, əklil qoyulub.
Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə də tanış olub, o cümlədən Dövlət Agentliyinin sədri xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi əsasında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, əsas prinsiplər kimi səmərəlilik və şəffaflıq əsasında fəaliyyət göstərən “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Həmçinin vurğulanıb ki, Fondun əməkdaşları məhz qazilərimiz və şəhid ailələrinin üzvləridirlər.
TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attar görüşün məqsədləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan qələbə tarixi hadisədir. Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.
Görüşdə iş adamları tərəfindən “YAŞAT” Fonduna dəstəklə bağlı qərarlar qəbul olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Nümayəndə heyəti Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu ilə görüşüb.
Səlcuk Bayrakdaroğlu Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbəni bütün Türkiyə ictimaiyyətinin öz sevinci kimi yaşadığını vurğulayıb.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə söz açıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərimizə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin bu səfərdəki əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondları ilə “YAŞAT” Fondu arasında işgüzar münasibətlərin formalaşdırılması və əməkdaşlıq protokolunun imzalanmasıdır.