...

Ölkə üzrə özəl orta ümumtəhsil məktəblərinin sayı çox azdır - Təhsil eksperti

Cəmiyyət Materials 9 Avqust 2021 11:07 (UTC +04:00)
Ölkə üzrə özəl orta ümumtəhsil məktəblərinin sayı çox azdır - Təhsil eksperti

Bakı. Çingiz Səfərli - Trend:

Ölkədə 1500-2000 özəl məktəb yaradılmalıdır ki, şagird sıxlığı aradan qaldırılsın, müəllimlər işlə təmin olunsunlar.

Bunu Trend-ə açıqlamasında təhsil eksperti kamran Əsədov deyib.

Onun sözlərinə görə, hazırda 4447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və onlara 150 min müəllim dərs deyir. Ən çox müəllim sıxlığı Bakıdakı orta ümumtəhsil məktəblərindədir.

"Bakıda 320 orta məktəb var. Burada 440 min şagird təhsil alır və 28 min müəllim çalışır. Bölgələrdə hər 12 şagirdə 1 müəllim düşürsə, Bakıda 9, bəzən 8 şagirdə 1 müəllim düşür. Dünyada da qəbul olunmuş norma da belədir. Amma biz etiraf edək ki, bu gün Azərbaycanın pedoqoji ali təhsil müəssisələrini kifayət qədər məzun bitirir və onların işlə təminatında ciddi problem var. Misal üçün cari ildə aparılan imtahanlara da nəzər salanda görə bilərik ki, 60 min namizəd maksimum 8 min vakant yerə qəbul olunacaq, 50 mindən çox ali təhsilli şəxs işsiz olaraq qalacaq. Problemin aradan qaldırılması üçün hesab edirəm ki, özəl gimnaziya və liseylərə daha geniş yer verməliyik".

Ekspert bildirib ki, hazırda, ölkə üzrə özəl gimnaziya və liseylərin sayı 1 faizdən aşağıdır:

"Cəmi 50-yə yaxın özəl orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bu çox azdır. Bunlar da əsasən paytaxt Bakının payına düşür. Hesab edirəm ki, müəllim kontingentinin işlə təmin olunması və dövlətin yükünün azaldılması üçün özəl bağça və məktəblərin açılmasına geniş şərait yaradılmalıdır. Misal üçün təkcə İstanbulda 7000 məktəb var və bunun 3500-ü özəldir. Burda bərabərlik prinsipi var. Bizdə də bu istiqamətdə mütərrəqi addımlar atılmalıdır. Özəl məktəblərin sayı nə qədər çox olarsa, müəllimlərin işlə təminatının artmasına və təhsilin keyfiyyətinin ciddi şəkildə yüksəlməsinə gətirib çıxaracaq. Faizsiz kreditlər vermək, müəyyən vergi və kommunal güzəştləri tətbiq etməklə, bu işi təşviq etmək olar".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti