...

Daha 50 gözdən əlilliyi olan şəxsə mənzillər təqdim edildi (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2021 15:34 (UTC +04:00)
Daha 50 gözdən əlilliyi olan şəxsə mənzillər təqdim edildi (FOTO)

Bakı. Trend:

2021-ci ildə gözdən əlilliyi olan şəxslərə 160-dan çox mənzil verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində daha 50 nəfər gözdən əlilliyi olan şəxsə mənzillər verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Qarabağ müharibəsi əlili, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev ailələrə təqdim ediblər.

Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərə xüsusi qayğısını vurğulayan V.Behbudov bu kateqoriyadan olan insanların sosial təminatının gücləndirilməsi tədbirlərini qeyd edib.

Bildirilib ki, gözdən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət, onlardan 1-ci dərəcə əlilliyi olanlara eyni zamanda, Prezidentin aylıq təqaüdü də ödənilir. Ötən dövrdə həmin sosial ödənişlərin məbləği dəfələrlə artırılıb. Gözdən əlilliyi olan şəxslər bir sıra güzəşt və imtiyazlara da malikdirlər. Nazirliyin sifarişləri əsasında onlarla bağlı reabilitasiya məqsədli sosial xidmət layihələri də icra olunur.

Nazirlik tərəfindən şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də sosial-məişət şəraitinin yaxşılaşdırılması işləri həyata keçirilir. Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı işləri cari ildə də davam edir. Bu gün təqdim edilən 50 mənzil də daxil olmaqla 2021-ci ildə gözdən əlilliyi olan şəxslərə 160-dan çox mənzil verilib.

İ.Zəkiyev və S.Abdullayev qeyd olunan kateqoriyadan olan şəxslərin mənzillərlə təmin olunmasının əhəmiyyətini, bu sosial müdafiə tədbirlərinin həssas əhali qruplarına böyük dəstək olduğunu vurğulayıblar.

Mənzillə təmin olunan şəxslər sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına və daima dövlət qayğısını hiss etdiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti