...

Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi

Cəmiyyət Materials 30 Noyabr 2021 11:16 (UTC +04:00)
Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi

Bakı. Trend:

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva “Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı?” sualını cavablandırıb.

Son günlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantının narahatlıq doğurduğunu bildirib. Yeni ştamm yunan hərfi olan “omikron” adını alıb. Bu günlərdə həmçinin, Böyük Britaniyada da 2 nəfərin omikron ştammına yoluxduğu təsdiqlənib. Ölkənin səhiyyə naziri bildirib ki, yoluxan xəstələr dərhal izolyasiya olunub. Yeni ştammın aşkarlandığı ərazilərdə təxirəsalınmaz tədbirlər görülüb.

ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş omikron ştammı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdırıb. CNN-in yaydığı məlumata görə, həmin məhdudiyyətlər Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.

Qonşu Rusiyada da artıq koronavirusun yeni omikron ştammı ilə yoluxmuş xəstələr aşkarlanıb. Mütəxəssislərin verdikləri məlumata görə, xəstəliyin yayılmasının mənbəyi Misirə səfər etmiş vətəndaşlardır. ÜST omikron ştammının koronavirusun digər növlərindən daha yoluxucu olması ilə bağlı hələlik heç bir məlumata malik deyil. Cənubi Afrika Respublikasının Səhiyyə Assosiasiyasının sədri A.Ketzinin dediyinə görə, omikron ştammına yoluxmuş xəstələrdə iybilmə və dadbilmə itməsə də, xəstəlik kəskin yorğunluq, əzələ ağrıları və ürək döyüntülərinin sürətlənməsi ilə müşayiət olunur.

Omikron ştammının çoxlu mutasiyaları var və o delta ştammından daha təhlükəlidir. Bununla belə, bu yeni ştammın təhlükəsi barədə çox danışmaq olmur, belə ki, onun xüsusiyyətləri hələ tam öyrənilməmişdir. ÜST-dən bildirilib ki, bir çox ölkələrdə Afrikadan gələn vətəndaşların test olunması və 14 gün karantində saxlanılması təmin olunmalıdır. Azərbaycanda koronavirus xəstələrinin heç birində omikron ştammı aşkar edilməyib.

Bir həkim kimi yenə də “qızıl qaydalar”a riayət olunmasını məsləhət görürəm: yeni ştammdan qorunmaq üçün peyvəndlənmə prosesi davam etməli, tibbi maskadan istifadə edilməli, gigiyenik qaydalara: əllərin yuyulması və ya spirtlənməsi, sosial məsafənin saxlanması, insanların sıx yığışdığı yerlərə gedilməməsi, xəstəliyə yoluxduqda dərhal təcrid olunma və s. qaydalara ciddi riayət olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti