...

Bakıətrafı bu kəndlərə optik internet çəkilir - Nazirlik

Cəmiyyət Materials 18 Fevral 2022 15:09 (UTC +04:00)
Bakıətrafı bu kəndlərə optik internet çəkilir - Nazirlik

Bakı. Fərid Zöhrabov -Trend:

Hazırda "Baktelecom" tərəfindən Bakıətrafı qəsəbələrdə optik şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və müasir telekommunikasiya xətlərinin çəkilişi intensiv şəkildə həyata keçirilir. Artıq genişzolaqlı şəbəkə istismara verilən ərazilərdə sakinlərə yüksəksürətli internet xidmətləri təqdim edilir.

Bunu Trend-in sorğusuna cavab olaraq "Baktelecom"dan bildiriblər.

Binə qəsəbəsində 2022-ci ilin sonunadək 10 000 nömrə tutumlu optik şəbəkənin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq qəsəbənin Südçülük sovxozunda sakinlərin genişzolaqlı xidmətlərə qoşulmasına başlanılıb.

Kürdəxanı, Maştağa və Məhəmmədi qəsəbələrinə gəlincə, sözügedən ərazilərdə optik infrastrukturun qurulması işləri üzrə hazırlıq prosesi aparılır. Cari ilin sonunadək 20 mindən yuxarı istifadəçi tutumlu şəbəkənin tikintisi nəzərdə tutulub. Telekommunikasiya infrastukturu tam inşa edildikdən sonra sakinlərin telefon və internet xidmətləri ilə təminatı həyata keçiriləcək.

Aparılan yenidənqurma işləri ilə ərazidə rabitə xidmətlərinə mövcud tələbat tam şəkildə aradan qaldırılacaq.

Bir müddət öncə baktelecom.az saytında genişzolaqlı xidmətlərin əhatə dairəsini onlayn yoxlama funksiyası aktiv edilib. Paytaxt sakinləri https://baktelecom.az/qoshulmani-yoxla linki üzərindən ünvan və ya telefon nömrəsi əsasında rahatlıqla optik xidmət imkanını yoxlaya bilərlər.

Məlumat üçün bildirək ki, Baktelecom tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə 300 min istifadəçi tutumlu optik inrastruktur üzərindən 150 000 mənzilə keyfiyyətli xidmət göstərilir. GPON (Gigabyte Passive Optical Network) texnologiyası əsasında tikilən şəbəkə tam sabit sürətə zəmanət verir, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən ötürməyə imkan yaradır.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti