Bakı. Trend:
2022-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 200,5 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1228,8 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,0 faizini təşkil edir. Onların 58,9 faizi yaşa, 28,9 faizi əlilliyə, 12,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Trend-in məlumatına görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 331,8 manat təşkil etmiş və orta aylıq əmək haqqının 45,3 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 2022-ci ilin 1 yanvar tarixindən 240 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2022-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb, qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunub.