...

ADPU-da “Dost xromosom saymaz” adlı elmi seminar keçirilib

Cəmiyyət Materials 30 Mart 2022 21:23 (UTC +04:00)
ADPU-da “Dost xromosom saymaz” adlı elmi seminar keçirilib

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin və Məkətəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının birgə təşkilatçılığı ilə “Dost xromosom saymaz” adlı elmi seminar keçirilib. Seminarda professor-müəllim heyəti, magistrantlar, tələbələr, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbri giriş sözü ilə açan Xüsusi təhsil kafedrasının müdiri dosent Nailə Hüseynova və Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov “21 mart Ümumdünya Daun Maarifləndirmə Günü”nə həsr olunmuş elmi seminarın təşkilinin əsas məqsədi, ölkəmizdə və dünyada bu sahədə aparılan tədqiqatların nəticələrinin faydaları haqqında danışıblar. Dövlətimizin, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud, o cümlədən daun sindromlu uşaqlara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Yeni metodlar vasitəsilə müxtəlif bacarıqların mənimsənilməsinə kömək etmək, daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək məqsədi daşıyan tədbirin təşkilinə şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkür bildirilib.

Magistratura və doktorantura şöbəsinin Korreksiyaedici təlimin metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ili magistrantları daun sindromlu şəxslərlə bağlı araşdırdıqları bir sıra məsələlərə dair məruzə ediblər. Elmi seminarın əvvəlində magistrant Qəhrəmanova Sevda daun sindromu haqqında, bu məsələyə xüsusi günün həsr olunması və onun dünya ölkələri tərəfindən qeyd olunma tarixi ilə bağlı məruzə edib.

Daha sonra Magistrant Mehdiyeva Nazpəri “Daun sindromlu şəxslərin bətindaxili diaqnostikası”, Kərimova Jalə “Daun sindromlu uşaqların əqli inkişafının xüsusiyyətləri”, Mustafayeva Tellixanım “Daun sindromlu uşaqlarda nitqin inkişaf xüsusiyyətləri”, Quliyeva Samirə “Eşitmə patologiyası olan daun sindromlu uşaqlarda autizm əlamətləri”, Məmişov Daşqın “Daun sindromlu uşaqlarla aparılan korreksiya işinin istiqamətləri”, Əhmədli Nərgiz “Daun sindromlu uşaqlarda kiçik motor bacarıqlarının art terapiya ilə inkişafı”, Abdullazadə Günel “Daun sindromlu uşaqların sosial adaptasiyası və müvəffəqiyyət qazanmış daun sindromlu şəxslər”, Cabbarova Məleykə “Daun sindromlu uşaqlarda qidalanma”, İmanova Sevil “Daun sindromlu uşaqların ailələrinə dəstək” mövzusunda slayd təqdimatları ilə geniş məruzə ediblər. Araşdırılan bu məsələlərdə daun sindromlu uşaqların ilkin diaqnostikası, qidalanma prosesi, korreksiya və reabilitasiya işinin istiqamətləri, valideynlərlə münasibət və onların sosial adaptasiyası məsələləri ilə bağlı tövsiyələr verilib.

Tədbir boyunca daun sindromu haqqında və Azərbaycanda daun sindromlu şəxslərin müxtəlif sahələrdə inkişafını təmin edən Daun Assosasiyasının fəaliyyəti ilə bağlı videoçarxlar da nümayiş olunub, iştirakçılara maarifləndirici bukletlər paylanılıb. Tədbirin sonunda valideynlərin fikirləri dinlənilib, iştirak edən daun sindromlu uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkili çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti