...

Necə edək ki, Tik-Tok bizə faydalı olsun? - Dr. Nəcəf Allahverdiyev təqdim edir

Cəmiyyət Materials 25 May 2022 14:35
Necə edək ki, Tik-Tok bizə faydalı olsun? - Dr. Nəcəf Allahverdiyev təqdim edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Son dövrlərdə məşhur olan Tik-Tok sosial platforması haqqında ziddiyyətli fikirlər müzakirə edilir. Bəziləri Tik-Tok-un zərərli platforma olduğunu, bəziləri isə burada faydalı məlumatların olduğunu düşünür. …az saytı biznes təlimçi Dr. Nəcəf Allahverdiyevin Tik-Tok-un müsbət və mənfi tərəfləri, bu platformadan faydalı yöndə istifadə qaydaları haqqında müsahibəsini təqdim edir.

Son dövrlərdə azərbaycanlı istifadəçilər arasında da ən populyar sosial platformaya çevrilən Tik-Tok-da mütəmadi məsləhətlər paylaşırsınız. Bir çox paylaşımlarınıza milyonlarla baxış və şərhlər var. Biznes təlimçi kimi necə düşünürsünüz, insanlar belə platformalarda izlədikləri faydalı məlumatlardan bəhrələnirlərmi?

Son dövrlərdə həyatımıza daxil olan sosial şəbəkə platformalarından biri Tik-Tok haqqında bir sıra müzakirələr və mübahisələr gedir. Tik-Tok-un zərərli olması haqqında bir sıra fikirlər səsləndirilir və insanlar bu platformaya üzv olmaqdan çəkinirlər. Əslində mən özüm də ilk dəfə bu platformaya qoşulanda bir neçə dəfə qarşıma çıxan videolardan sonra hesabımı ləğv edib, platformanın mobil versiyasını telefonumdan silmişdim. Bir müddət sonra düşündüm ki, qaçmaqdan və uzaqlaşmaqdan bir şey çıxmaz. Müqəddəs yer boş qalmır. Biz orada olmayacağıqsa oranı mənfiliklər dolduracaq. Qərara gəldim ki, yenidən Tik-Tok-da hesabımı aktivləşdirib bu platformada insanlara faydalı olan, psixoloji, mənəvi baxımdan praktiki təlim xarakterli videolar paylaşım. Bu mənim özüm üçün də maraqlı bir sınaq idi, çünki necə nəticələnəcəyini bilmirdim. Çox maraqlıdır, qısa müddət ərzində Tik-Tok platformasında sürətli inkişafa nail oldum. İlk 4 ay ərzində 50.000 - ə yaxın izləyici kütləsi topladım. Bu gün də izləyicilərim paylaşımlarımda aktiv iştirak edirlər və bu aktivliklərinə görə hər birinə təşəkkür edirəm. Təcrübə onu göstərdi ki, Tik-Tok platformasında da insanlara faydalı olan, şəxsi inkişaf üçün əhəmiyyətli məlumatları bölüşmək olur. Bəzən qısa videolar, təlimlərdən kiçik fraqmentlər paylaşdıq, bəzən isə təlimlərdən birbaşa yayımlar etməyə başladıq. Müşahidələrimizə əsasən çox sayda insanın paylaşdığımız videolardan faydalandığının şahidi olduq.

Paylaşımlarınız arasında ən çox baxışı olan və maraq yaradan mövzu hansı istiqamətdə olub?

Tik-Tok paylaşımlarım arasında paylaşdığım bir neçə videonu milyondan çox insan izləyib. Lakin ən çox maraq yaradan uşaq tərbiyəsi ilə bağlı olan videodur. Həmin video 2 milyondan çox istifadəçi tərəfindən izlənilib. Videonun bu qədər maraqla qarşılanmasının səbəbi, burada uşaq tərbiyəsi, yeniyetmələr və uşaqlarla davranış qaydaları haqqında danışılmasıdır. Təəssüflər olsun ki, bir çox ailələrdə uşaqlara aşağılayıcı münasibət sərgilənir. Əsasən uşaqlara bacarıqsız olduqları deyilir, onlar başqa uşaqlarla müqayisə edilərək alçaldılır. Bu cür münasibət birmənalı olaraq uşaqlara və yeniyetmələrə çox mənfi təsir edir, şüuraltı zədələnmələrə gətirib çıxarır. Məsələn, Türkiyə, Rusiya kimi ölkələrə baxsaq, 10-12 yaşlı uşaqların kamera qarşısında sərbəst danışdığını və öz fikirlərini ifadə edə bildiyini görərik. Azərbaycanda isə nəinki uşaqlar, hətta bəzən yetkin insanlar da kamera qarşısında özünü itirir, fikirlərini ifadə etməkdə çətinlik çəkir. Bizim təlimlərimizin əsas hədəflərindən biri də odur ki, insanlar uşaq yaşlarında yaşadıqları travma nəticəsində qazandıqları bu komplekslərdən azad olsun, fikirlərini ifadə etməkdə və ünsiyyət qurmaqda rahat olsunlar. Bu, çox önəmli və ciddi məsələdir. Bugün insanların bilgisinin, bacarığının çox olması nə qədər önəmlidirsə, bunu paylaşa bilməsi, nümayiş etdirə bilməsi, satması, yəni təqdim etmə bacarığına sahib olması da o qədər vacibdir. Bu, həm şəxsi, həm də iş həyatında biznes baxımından çox önəmlidir. Çünki "Hard skills" dediyimiz iş sahəsindəki bilgi və bacarıqlarla, yanaşı “Soft skills" dediyimiz ünsiyyət bacarığı, emosional dayanıqlılıq da hər bir insan üçün çox faydalıdır. Biz KarnegiKlubda məhz bu bilgiləri, bacarıqları aşılayırıq. Nəticədə insanlar toplum qarşısında, ailədə, iş mühitində öz fikirlərini rahatlıqla söyləyə bilir, bacarıqlarını nümayiş etdirə bilirlər və bunun sayəsində həm daha artıq qazanc əldə edir, həm də psixoloji olaraq rahatlıq hiss edərək xoşbəxt olurlar.

Tik-Tok-da faydalı məlumatlarla yanaşı, zərərli məlumatlara da rast gəlirik. Sizcə bu platformanın mənfi tərəflərindən qorunmaq üçün nə etməliyik?

Təbii ki, Tik-Tok-da mənəviyyatdan kənar bir sıra zərərli məlumatlar da paylaşılır və qarşımıza çıxır. Əvvəla qeyd edim ki, Tik-Tok-un alqoritmi kordur. Yəni, insanlar hansı videolara və məlumatlara baxırsa, maraq göstərirsə, davamlı olaraq qarşılarına həmin tip videolar çıxarır. Bundan xilas olmağın əsas yolu Tik-Tok-da "mənə göstərmə" funksiyasından istifadə etməkdir. Qarşınıza çıxan videonu faydasız və ya zərərli hesab edirsinizsə, bu funksiyadan istifadə edərək növbəti bu tip videoların qarşınıza çıxmasına mane ola bilərsiniz. Digər tərəfdən sizə xoş gələn videoların müəlliflərinə abunə ola bilərsiniz. Əgər bunu etsəniz, Tik-Tok sizə abunə olduğunuz səhifələrdəki paylaşımlara uyğun videolar göstərəcək. Tik-Tok-un zərərli tərəflərindən biri də ciddi şəkildə vaxt itkisinə səbəb olmasıdır. Belə ki, bu platformada olan faydalı məlumatlar və qısa videolar istifadəçidə maraq yaradır və bu da bəzən saatlarla Tik-Tok-da zaman keçirməyə səbəb olur. Hər zaman qeyd etdiyim kimi, burada da zamanın düzgün idarə edilməsi vacib şərtdir. Bu baxımdan bütün istifadəçilərə Tik-Tok platformasından düzgün istifadə etməyi, faydalı məlumatları izləməyi, lazımlı kontentlər yaradaraq öz bizneslərini qurmağı və zərərli məlumatları izləməkdən çəkinməyi tövsiyə edirəm.

//vt.tiktok.com/ZSd42NfRq/?k=1

//vt.tiktok.com/ZSd42h6tj/

Xəbər lenti

Xəbər lenti