Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.
Agentlikdən Trend-ə verilən məlumata görə, bununla da həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək.
Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq.
Nümunə 1:
Həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468
manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit
əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və
stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq
həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin
nəticələrinə görə aylıq həvəsləndirici əlavələr
Dəyişiklikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin
həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi
ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici
əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif)
maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği
500 manata çatdırılıb.
Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən
tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən
sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat
təşkil edir.
Nümunə 2:
Ailə həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468
manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq
edilir. 468+500=968
Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin
siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının
(şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin
həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit
həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda
sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2
dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.
Nümunə 3:
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım
həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır.
Təcili tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2
dəfə artım əmsalı tətbiq edilir. 936+250=1186 manat
Sabit həvəsləndirici əlavələr verilən qeyri-tibb işçilərinin
siyahısına isə tibb müəssisələrində çalışan müharibə iştirakçıları
ilə iş üzrə mütəxəssislər əlavə edilib. Bu mütəxəssislər üçün sabit
aylıq əlavə 350 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, artım şamil edilən həkimlərin məvacibinə həmçinin
Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr
hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan
əməkhaqqına dair bütün tutulmalar hesablanır.