Bakı. Trend:
Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Hassan Mohtaşami ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə demoqrafik vəziyyət, əhalinin sabit artımı tempi barədə məlumat verib. Son illər Nazirliklə BMT Əhali Fondu arasında əməkdaşlıq gündəliyinin yeni birgə layihələr əsasında xeyli genişləndiyini diqqətə çatdırıb.
Nazir əməkdaşlıq çərçivəsində ölkəmizdə üzünmüddətli əhali proqnozlarının hazırlanması və proqnozlaşdırma sisteminin yaradılmasının, bu sahədə kadr potensialının gücləndirilməsi üçün hazırda da davam edən işlərin mühüm önəmini vurğulayıb.
S.Babayev birgə icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsini qeyd edib. Layihənin mühüm uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının ötən il Siyasi İcmal buraxılışında Azərbaycanın fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələrdən biri kimi təqdim edildiyini bildirib.
Layihə çərçivəsində Azərbaycan üçün hazırlanmış Fəal Yaşlanma indeksinin fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və bu sahədə siyasətin təkmilləşdirilməsində əhəmiyyəti vurğulanıb.
İqtisadiyyatın yaş və ya nəsillərarası aspektinin milli səviyyədə qiymətləndirilməsi üçün BMT-nin Əhali Fondu ilə birgə icra olunan “Milli Transfer Hesabları” layihəsindən də bəhs olunub.
H.Mohtaşami əməkdaşlığın bütün istiqamətlərində müsbət nəticələrin olmasının məmnunluq doğurduğunu vurğulayıb.
Görüşdə demoqrafik proseslər və əhali inkişafının proqnozlaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması, aktiv yaşlanma sahəsində birgə fəaliyyətin davam etdirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.