Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2022-ci ilin ilk 6 ayı ərzində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 73 647 tibbi xidmət göstərilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 64 924-ü ambulator, 8 723-ü isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 7 362 şəxsin 6 572 nəfəri müharibə iştirakçısı, 790 nəfəri isə şəhid ailəsi olub.
Vətən müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən kəllə-beyin travmaları və onların ağırlaşmaları, ümumi tibbi baxış, essensial (birincili) hipertenziya və partlayış zamanı qəlpələrin səbəb olduğu zədələr ilə bağlı olub.
Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya, şəkərli diabet, essensial (birincili) hipertenziya, onurğanın osteoxondrozu, öd kisəsi xəstəlikləri və ümumi tibbi baxış ilə əlaqədar olub.
O cümlədən 297 nəfər müharibə iştirakçısı, 52 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 451 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında yara tikilməsi, orqanlardan yad cismin çıxarılması, abses və hematomaların drenaj olunması, burun çəpər əyriliyi və appendektomiya - kor bağırsaqda soxulcanabənzər çıxıntının kəsilib götürülməsi üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.
Agentlik Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Qeyd olunan şəxslərin ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələrdən keçməsi, habelə dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərdən müqaviləli tibb müəssisələrində yararlanmaları üçün Agentlik tərəfindən bütün zəruri addımlar atılır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.