Bakı. Trend:
Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2022-ci il
tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr
ayının 1-də bitir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis
İdarəsindən Trend-ə verilən
birgə məlumata görə, balıq ovlayarkən yalnız qanunvericiliklə
qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni
zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor,
elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən
şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət
məsuliyyətinə cəlb ediləcəklər.
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN
xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə
etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan
keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə
məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə
qeydiyyat aparılmalıdır.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o
cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.