...

Zəfər günü Gəncə avtomobil zavodunda qeyd olunub (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2022 14:57 (UTC +04:00)

Bakı. Trend:

Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiya aktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – Zəfər günü ilə əlaqədar yığıncaq keçirilib.

Tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş müəssisənin işçiləri iştirak edirdi.

Tədbir Qarabağ savaşında canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. Sonra Birliyin direktoru Bağban Nəbiyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi hadisə adlandırdı.

“Bu gün biz hər birimiz 3000-ə yaxın şəhid versək çox qürurluyuq. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz. Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün, hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur duyuruq” deyə Bağban Nəbiyev əlavə edib.

Sonra çıxış edən müəssisənin mətbuat katibi Məqsəd Rəhimov iki il bundan qabaq xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqların azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu-xalq vəhdətindən, həmin şərəfi günlərdə istər hərbiçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışdı. M.Rəhimov vurğuladı ki, həmin günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstək göstərdi.

Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı Ramiz Müstafayev 44 günlük müharibədə müasir silahlarla və hərbi texnika ilə təchiz edilən Azərbaycan ordusunun rəşadətindən danışdı. Onun sözlərinə görə həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ savaşında Azərbaycan xalqı öz döyüşkənliyini, mübarizliyini bütün dünyaya sübut etdi.

1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş, müəssisənin direktor müavini Qafur Əhədli də çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun günü gündən inkişaf etdiyini, yerli hərbi mütəxəssislərin yetişdirildiyini, müasir müharibə metodlarını mənimsəyən hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün xalqımızın “DƏMİR YUMRUQ” ətrafına birləşməsi nəticəsində zəfərdən danışdı.

Birliyin direktoru Bağban Nəbiyev bir daha Zəfər günü münasibətilə veteranları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. Nəbiyev vurğuladı ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyük sevinci, qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.

Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti