...

Bakıda “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 14 Noyabr 2022 14:50 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, DQİDK, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri və üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov açıb.

Səyavuş Heydərov Azərbaycanda dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə dini etiqad azadlığı üçün yaradılan şərait, bütün dini konfessiyalara, ibadət yerlərinə göstərilən xüsusi qayğı, həmçinin digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişlərinin önəmi barədə danışıb.

Sonra millət vəkilləri Hikmət Babaoğlu və Nəsib Məhəməliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun çıxışları dinlənilib.

Tədbirdə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıblar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətiririblər.

Konfransda, eyni zamanda “Tolerantlıq nümunəsi” adlı qısametrajlı film, “Biz birlikdə güclüyük” və “Vəhdət dəyərimizdir” adlı videoçarxlar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti